Suriyada məhkəmə devrilmiş rejimin lideri Bəşşar Əsədin əmisi oğlu Vəsim Əsəd barəsində edam hökmü çıxarıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Dəməşqdəki Dördüncü Cinayət Məhkəməsi devrilmiş rejimin müharibə cinayətlərində ittiham olunan Vəsim Əsədlə bağlı qərarını açıqlayıb.
Məhkəmə Vəsim Əsədi bir neçə şəxsi qəsdən və əvvəlcədən planlaşdıraraq öldürməkdə, işgəncə verməkdə, insanlıq əleyhinə cinayətlərdə və müharibə cinayətlərində təqsirli bilərək edam cəzasına məhkum edib.
Məlumata görə, Vəsim Əsəd briqada generalı Qiyas Dalanın göstərişi ilə nizamsız silahlı qruplar yaradıb. Həmin qrupların Şərqi Qutədə mülki əraziləri hədəfə aldığı, xüsusilə Məliha qəsəbəsində mülki əhaliyə qarşı qətliamlarda iştirak etdiyi müəyyənləşdirilib.
Məhkəmə həmçinin Vəsim Əsədə bağlı silahlı qrupların Suriyanın müxtəlif bölgələrində insanların oğurlanması və öldürülməsi hallarına da cəlb olunduğunu müəyyən edib.
Barəsində edam hökmü çıxarılan Vəsim Əsədin daşınar və daşınmaz əmlakının dövlət xəzinəsinin xeyrinə müsadirə edilməsinə də qərar verilib.