Bu il müşahidə olunan El-Ninyo hadisəsinin indiyədək qeydə alınmış ən güclü səviyyələrdən birinə çatacağı bildirilir.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, iqlimşünaslar, xüsusilə Sakit okeanında güclənən El-Ninyonun son 150 ilin ən şiddətli hadisəsinə çevrilə biləcəyi barədə xəbərdarlıq ediblər.
Okeandan atmosferə buraxılacaq nəhəng istilik miqdarının insan fəaliyyəti nəticəsində yaranan qlobal istiləşmə ilə birləşərək qarşıdakı ili meteoroloji müşahidələr tarixində ən isti il edə biləcəyi ehtimal olunur.
Mütəxəssislər El-Ninyonun ən yüksək həddinin əvvəlki rekordları nəzərəçarpacaq fərqlə geridə qoyacağını proqnozlaşdırırlar. Hadisənin dağıdıcı təsirlərinin yağıntı rejiminə, temperatur göstəricilərinə və qasırğaların hərəkət istiqamətlərinə birbaşa təsir edəcəyi bildirilir.
Prosesin davam etməsi ilə qlobal orta temperaturun 2027-ci ildə sənayeləşmədən əvvəlki dövrlə müqayisədə 1,7 dərəcə Selsi yüksələ biləcəyi qeyd olunur.
Bu göstərici Paris Sazişində müəyyənləşdirilmiş 1,5 dərəcəlik kritik həddən xeyli yüksəkdir.
ABŞ-ın Milli Okean və Atmosfer Administrasiyası (NOAA) El-Ninyo şəraitinin ən azı 2027-ci ilin aprelinədək davam etməsinin demək olar ki, qaçılmaz olduğunu açıqlayıb. Temperatur artımının 2026-cı il ərzində də rekord həddə çatması ehtimalının yüksək olduğu bildirilib.