Almaniyanın Münhen şəhərində polis həqiqi tapançaya bənzəyən Softair silahı daşıyan 14 yaşlı Türkiyə vətəndaşına atəş açıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, ağır yaralanan yeniyetmənin vəziyyətinin sabit olduğu bildirilib.
Hadisə şəhərin Şvabinq rayonunda, Belqrad küçəsində baş verib. Ətrafdakıların silaha bənzər əşya daşıyan şəxslə bağlı məlumat verməsindən sonra hadisə yerinə mülki geyimli polis əməkdaşları gəlib.
Polisin məlumatına görə, yeniyetmə əlindəki silahı doldururmuş kimi hərəkət edib. Polis əməkdaşlarının silahı yerə qoyması barədə xəbərdarlıqlarına baxmayaraq, o, silahı qaldıraraq polislərə tərəf çevirib. Bundan sonra polis əməkdaşlarından biri atəş açıb. Güllə yeniyetmənin bədəninin yuxarı hissəsinə dəyib və o, ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Sonradan məlum olub ki, yeniyetmənin əlindəki silah həqiqi tapança deyil, uzaqdan həqiqi Beretta tapançasına bənzəyən Softair silahıdır. Polis həmin silahın uzaq məsafədən həqiqi odlu silahdan ayırd edilməsinin olduqca çətin olduğunu bildirib.
Hadisə ilə bağlı araşdırma başlanıb. Bavariya Əyalət Kriminal Polisi atəş açılmasının qanuniliyini araşdırır. Hazırda atəş açan polis əməkdaşı araşdırmada şahid kimi qiymətləndirilir. Eyni zamanda, yeniyetmə barəsində polis əməkdaşlarını təhdid etdiyi iddiası ilə araşdırma aparılır.
Bildirilir ki, yeniyetmə 2023-cü ildə ailəsi ilə birlikdə Almaniyaya gəlib və onların sığınacaq müraciəti rədd edilib.