Serbiya Prezidenti Aleksandar Vuçiç ölkədə yaxın zamanda keçirilməsi nəzərdə tutulan növbədənkənar parlament seçkilərinin tarixi ilə bağlı ilk dəfə açıqlama verib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Serbiya Radio Televiziyasında iştirak etdiyi verilişdə danışan Vuçiç bildirib: “Mövcud vəziyyətə əsasən, Serbiya oktyabrın 18-i və ya 25-də seçkiyə gedəcək. Hansı tarixdə keçiriləcəyini bir neçə gün ərzində öyrənəcəyik”.
Parlament seçkilərində qurucularından olduğu Serb Tərəqqi Partiyasının (SNS) parlamentdə çoxluğu əldə etmək uğrunda mübarizə aparacağını bildirən Vuçiç nəticənin xalqın iradəsindən asılı olacağını deyib.
“Demokratik seçkilər bizim üçün həyati əhəmiyyət daşıyır. Xalqın kimə etimad göstərəcəyi ilə bağlı heç bir narahatlığımız yoxdur. Son və ən ali hakim xalqdır”, — deyə o vurğulayıb.
Vuçiç ötən həftə verdiyi açıqlamada seçkilərin çox yaxın zamanda elan ediləcəyini və seçki kampaniyasının 45-60 gün davam edəcəyini bildirmişdi.