Türkiyənin ədliyyə naziri Akın Gürlek İsrailin Baş naziri Binyamin Netanyahu və Afek Moskovitch barəsində “soyqırım” ittihamı ilə çıxarılmış həbs qərarları əsasında beynəlxalq axtarış elan edilməsi üçün qırmızı bülleten verilməsinin tələb olunduğunu açıqlayıb.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, Gürlek sosial media hesabında etdiyi paylaşımda Qəzzaya humanitar yardım çatdırmaq məqsədilə yola çıxan “Qlobal Sumud Donanması” fəallarına beynəlxalq sularda edilən hücumla bağlı məhkəmə prosesinin davam etdiyini bildirib.
Nazirin sözlərinə görə, İstanbulun 11-ci Ağır Cinayətlər Məhkəməsində baxılan 2026/108 saylı iş üzrə Binyamin Netanyahu və Afek Moskovitch də daxil olmaqla 35 təqsirləndirilən şəxs barəsində araşdırma aparılır.
Gürlek bildirib ki, iş çərçivəsində Netanyahu və Moskovitch barəsində “soyqırım” ittihamı ilə 14 iyul 2026-cı ildə verilmiş həbs qərarlarına əsasən onların beynəlxalq səviyyədə axtarışa verilməsi məqsədilə qırmızı bülletenlərin yayımlanması üçün Türkiyənin Daxili İşlər Nazirliyinə müraciət edilib. Müvafiq sənədlər isə Xarici İşlər Nazirliyinə göndərilib.