İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi İrana qarşı mümkün yeni hücumla bağlı açıqlama verib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, o, İranın özünə qarşı hücumların mənbəyini hədəfə almaq hüququna malik olduğunu bildirib.
İran dövlət televiziyasının məlumatına görə, Bəqayi Xarici İşlər Nazirliyində keçirdiyi həftəlik mətbuat konfransında gündəmdəki məsələlərlə bağlı sualları cavablandırıb.
Bəqayi Bolqarıstanın ABŞ və İsrailin İrana qarşı hərbi hücumuna dəstək verməsinin beynəlxalq hüquqa zidd olduğunu bildirib. O, ABŞ-yə məxsus bəzi KC-135 yanacaqdaşıyan təyyarələrin Bolqarıstandan ayrıldığı barədə məlumatlardan xəbərdar olduqlarını qeyd edib.
Sözçü deyib: “Bolqarıstan xalqı ilə heç bir problemimiz yoxdur. Lakin bu, ABŞ və İsrailin İrana qarşı hərbi təcavüzünə müəyyən formada dəstək kimi qiymətləndirilirdi”.
Bəqayi ABŞ və İsrailin hücumlarında istifadə olunması üçün hərbi bazalarını və imkanlarını təqdim edən ölkələrin lazımi addımları atmalı olduğunu vurğulayıb.
“Heç bir ölkənin bizdən narahat olması üçün səbəb yoxdur. Lakin bazalarını, imkanlarını və avadanlıqlarını təcavüzkar tərəflərin qanunsuz əməllərinin həyata keçirilməsinə açan ölkələr üçün vəziyyət fərqlidir”, – deyə o bildirib.
İranın özünə qarşı istənilən təcavüzkar əməlin başlanğıc və mənbə nöqtəsini hədəfə almaq hüququna malik olduğunu müdafiə edən Bəqayi bunun beynəlxalq hüquqdan irəli gələn hüquq olduğunu söyləyib.
Bəqayi əlavə edib: “İranın mövcudluğunu və ərazi bütövlüyünü müdafiə etmək məsələsində qətiyyən güzəştə getməyəcəyik”.