Milli Park Xidmətinin məlumatına görə, Qrand Kanyonun bəzi ərazilərində baş verən ani daşqınlar nəticəsində bir nəfər həlak olub, 15 nəfər isə itkin düşüb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, şənbə günü günortadan sonra baş verən daşqın "Bright Angel" kanyonu və "Phantom Ranch" ərazisinə ziyan vuraraq piyada körpülərini dağıdıb və nəhəng qayaları axın istiqamətində sürükləyib.
Park xidmətinin məlumatına görə, bazar günü axşam saatlarında Kolorado çayı üzərindəki "Crystal Rapids" yaxınlığında 46 yaşlı bir kişinin meyiti tapılıb. İndiyədək həmin ərazidən 62 nəfər hava yolu ilə təxliyə edilib.
Qrand Kanyonun dibindən iki dostu ilə birlikdə hava yolu ilə təxliyə edilənlər arasında olan 41 yaşlı Nikki Baqqs (Nikki Baggs) "Hər şey dəhşətli idi" deyə bildirib.