Fransada 2027-ci ildə keçiriləcək prezident seçkilərində mərkəz-sağ Respublikaçılar Partiyasının (LR) namizədi Bruno Retayo seçiləcəyi təqdirdə universitetlərdə hicabın qadağan ediləcəyini bildirib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Retayo Fransanın BFMTV telekanalına müsahibəsində gələn il keçiriləcək prezident seçkiləri ilə bağlı vədlərini açıqlayıb.
O, seçkilərdə qalib gələcəyi təqdirdə idman tədbirlərində, məktəb səfərlərində və universitetlərdə hicabın qadağan ediləcəyini bildirib. Retayo, həmçinin ölkədə “Müsəlman Qardaşları” ilə əlaqəli təşkilatların fəaliyyətinə xitam verəcəyini vəd edib.
Fransanın keçmiş daxili işlər naziri Retayo hicab qadağasının ictimai yerlərdə praktiki baxımdan tətbiqinin mümkün olmadığını bildirərək, hüquq-mühafizə orqanlarının hicab taxan qadınlar arasında bunun səbəbinin ideoloji baxışlar, yaxud xərçəng kimi sağlamlıq problemləri olduğunu asanlıqla müəyyənləşdirə bilməyəcəyini deyib.
Retayo miqrasiyanın azaldılmasını istədiyini bildirərək prezident seçiləcəyi təqdirdə Fransanın “yəhudi-xristian köklərinə malik olması” ilə bağlı müddəanın Konstitusiyaya əlavə ediləcəyini açıqlayıb.