ABŞ-ın süni intellekt şirkəti OpenAI 90 ildir həll olunmayan mürəkkəb riyazi problemin yeni nəsil süni intellekt modelindən istifadə etməklə 88 saat ərzində həll edildiyini açıqlayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, süni intellekt sahəsində fəaliyyəti ilə tanınan OpenAI şirkəti yaydığı açıqlamada onilliklərdir həll olunmayan riyazi problemin minlərlə süni intellekt botundan istifadə edilməklə həll edildiyini bildirib.
Şirkətin açıqlamasında təxminən 10 min süni intellekt alətindən ibarət qrupdan istifadə etməklə mürəkkəb riyazi problemin 88 saat ərzində həll edildiyi qeyd olunub. Sözügedən süni intellekt alətləri tapşırıqları qismən müstəqil şəkildə yerinə yetirib.
OpenAI problemin mayelərin hərəkətini təsvir edən Navye-Stoks tənlikləri ilə bağlı olduğunu bildirib. Şirkət bu məsələnin 90 ildir həll olunmamış riyazi problemlərdən biri olduğunu vurğulayıb.
OpenAI əldə etdiyi nəticəni süni intellekt alətlərinin sürətlə inkişaf etdiyini göstərən “dönüş nöqtəsi” kimi qiymətləndirib.
Bununla belə, OpenAI-nin təqdim etdiyi həll hələ müstəqil şəkildə təsdiqlənməyib. Riyaziyyat sahəsində beynəlxalq “Minilliyin mükafatları”nı təqdim edən ABŞ-ın Kley Riyaziyyat İnstitutu da bu həlli hələ rəsmi olaraq qəbul etməyib.