Serbiyada oktyabrın 25-nə təyin olunmuş növbədənkənar parlament seçkiləri üçün hakim koalisiyanın irəli sürdüyü "Aleksandar Vuçiç – Birləşmiş Serbiya" seçki siyahısına dəstək məqsədilə bir saatdan az müddətdə on minlərlə şəxs imza atıb.
Manset.az xəbər verir ki, bu barədə Serbiya Prezidenti Aleksandar Vuçiç bildirib.
O, Belqradın Savski Venats rayonunda Serbiya Tərəqqi Partiyasının (SNS) yerli qərargahında seçki siyahısına şəxsən imza atıb və dəstəyini ifadə edib.
A. Vuçiç qısa müddətdə nümayiş etdirilən fəallığa və dəstəyə görə vətəndaşlara təşəkkür edib:
"Əsas məqsədimiz ölkədə sülh və sabitliyi qorumaq, iqtisadi inkişafı sürətləndirmək və xalqımızın rifah halını daha da yüksəltməkdir".
Məlumata görə, imzatoplama kampaniyasının ilk saatlarında hökumət üzvləri, o cümlədən maliyyə naziri Sinişa Mali, səhiyyə naziri, mədəniyyət və idman xadimləri də iştirak edərək siyahıya imza atıblar. Hazırda paytaxtda və bölgələrdə imzatoplama məntəqələrində sıxlıq davam edir.
Xatırladaq ki, Serbiya Prezidenti parlamenti buraxaraq növbədənkənar parlament seçkilərini cari il oktyabrın 25-nə təyin edib.
Qanunvericiliyə əsasən, partiyaların və koalisiyaların seçki siyahısının qeydiyyatı üçün ən azı 10 min şəxsin imzası tələb olunur.