Liviyanın Misrata şəhərindəki hava limanında özəl təyyarə uçuş-enmə zolağından çıxıb. Enmə zamanı qəza törədən təyyarədə yanğın baş verib və hadisə ilə əlaqədar hava limanında uçuşlar dayandırılıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Liviya Milli Birlik Hökumətinin açıqlamasında bildirilir ki, Misrata Beynəlxalq Hava Limanında özəl təyyarə eniş zamanı uçuş-enmə zolağından çıxıb.
Qəza nəticəsində təyyarədə yanğın baş verib. Təyyarə heyətinin hadisədən xəsarət almadan xilas olduğu qeyd edilib.
Aidiyyəti qurumların hadisəyə müdaxilə etmək, yanğını nəzarətə götürmək, hava limanında uçuşların bərpasını və uçuş təhlükəsizliyini təmin etmək məqsədilə işlərini davam etdirdiyi bildirilib.
Qəza səbəbindən Misrata Beynəlxalq Hava Limanında uçuşların müvəqqəti olaraq dayandırıldığı açıqlanıb.