Keniyanın Səhiyyə Nazirliyi ölkənin paytaxtı Nayrobidə ilk Ebola hadisəsinin təsdiqləndiyini və xəstənin vəfat etdiyini açıqlayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Səhiyyə naziri Aden Duale ölkədə Ebola virusu ilə bağlı ilk ölüm hadisəsi barədə açıqlama verib.
Duale bildirib ki, Konqo Demokratik Respublikasından (KDR) Uqanda üzərindən Keniyaya gələn şəxsdə Ebola virusunun Bundibugyo ştammı aşkarlanıb. Onun sözlərinə görə, xəstə son 7 il ərzində KDR-də yaşayıb və işləyib, təxminən bir ay əvvəl səhhətində problem yaranıb və ölkənin müxtəlif xəstəxanalarında müalicə alıb.
Nazirin sözlərinə görə, xəstə daha sonra quru yolu ilə Uqandaya keçib və oradan Keniyaya qayıtmaq üçün yola çıxıb. O, oktyabrın 3-də 23 sərnişinin olduğu “Jambojet” aviaşirkətinə məxsus təyyarə ilə Nayrobidəki Jomo Kenyatta Beynəlxalq Hava Limanına gəlib.
Aden Duale bildirib ki, xəstə hava limanında adi tibbi yoxlamadan keçirilib, daha sonra Nayrobi Xəstəxanasına yerləşdirilərək ayrıca otaqda təcrid olunub. Xəstədə yüksək hərarət, üşütmə, güclü yorğunluq, halsızlıq, əzələ ağrıları, udma çətinliyi və dəri altında qanaxma kimi əlamətlər müşahidə olunub.
Nazir xəstədən götürülən nümunələrin laboratoriya müayinəsi nəticəsində Ebola virusuna yoluxmanın təsdiqləndiyini bildirib. Onun sözlərinə görə, dəstəkləyici müalicə alan xəstə oktyabrın 5-də vəfat edib və müəyyən edilmiş qaydalara uyğun şəkildə dəfn olunacaq.