Keniyada Ebola virusuna yoluxma hallarının sayı 7-yə yüksəlib, bir nəfər həyatını itirib.
Manset.az Reuters-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Son sutkada daha 4 nəfərdə infeksiya aşkarlanıb.
Yeni yoluxanlardan 3-ü ilk Ebola xəstəsinə tibbi yardım göstərən tibb işçiləri, biri isə ölən şəxsin qohumudur. Onların hamısı xəstəlik əlamətləri ortaya çıxan zaman karantində olub.
Daha əvvəl virusa yoluxduğu müəyyən edilən iki xəstənin vəziyyəti stabildir.
Səhiyyə Nazirliyi ilk xəstə ilə təmasda olan 130 nəfərdən 128-nin müəyyən edilərək karantinə alındığını bildirib.
Qurumun məlumatına görə, infeksiyanın müəyyən edilmiş təmas zəncirlərindən kənarda əhali arasında yayıldığını göstərən əlamətlər yoxdur.
Ölkədə səyahət, ticarət və kütləvi tədbirlərlə bağlı məhdudiyyətlər tətbiq edilməyib.