Rusiyalı reper, “Mavashi Group” kollektivinin solisti Mişa Mavaşi oktyabrın 25-nə keçən gecə vəfat edib.
Manset.az Musavat.com-a istinadən bildirir ki, bu barədə sənətçinin Telegram kanalında məlumat verilib.
İlkin məlumatlarda musiqiçinin bədbəxt hadisə nəticəsində öldüyü bildirilsə də, sonradan onun intihar etdiyi barədə məlumatlar yayılıb. Hadisənin dəqiq səbəbi və şəraiti hələlik rəsmən açıqlanmayıb.
Sənətçinin nümayəndəsi onun vəfatı xəbərini təsdiqləyib, lakin hadisənin təfərrüatlarının araşdırıldığını bildirib:
“Vəziyyəti araşdırırıq. Hamı şokdadır”.
“Mash” Telegram kanalının məlumatına görə, hadisə baş verən otaqda silah aşkarlanıb. İlkin ehtimala əsasən, reper hadisədən əvvəl travmatik tapançasını söküb yığırmış.
“Baza” Telegram kanalının yazdığına görə, həkimlər Mişa Mavaşini evindən odlu silah yarası ilə xəstəxanaya çatdırsalar da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faciədən cəmi 10 gün əvvəl, oktyabrın 15-də Mişa Mavaşi evlənib. O, sevdiyi xanımla toyundan fotoları öz Telegram kanalında paylaşmışdı.
Reper 2010-cu illərin əvvəllərində geniş populyarlıq qazanıb. O, həm ifa tərzi, həm də prinsipial mövqeyi ilə seçilib. Musiqiçi zərərli vərdişlərə qarşı çıxıb və sağlam həyat tərzini dəstəkləyib.