Böyük Britaniyada Uels şahzadəsi Uilyam və həyat yoldaşı Uels şahzadəsi Keyt Middltonun Norfolk bölgəsində yerləşən iqamətgahına oğurluq məqsədilə daxil olmağa cəhd göstərdikləri şübhə edilən iki nəfər saxlanılıb.
Manset.az Britaniya mətbuatına istinadən xəbər verir ki, Norfolk polisi Şahzadə Uilyam və Şahzadə Keytin Sandrinqem malikanəsinin ərazisində yerləşən “Anmer Hall” iqamətgahında şübhəli şəxslərin hərəkət etməsi barədə daxil olan məlumat əsasında əməliyyata başlayıb.
Polis iqamətgahın ərazisində oğurluq və qanunsuz daxilolma şübhəsi ilə iki kişinin saxlanıldığını və onların hazırda polis nəzarətində olduğunu açıqlayıb.
Bildirilib ki, hadisə baş verən zaman iqamətgahda heç kim olmayıb. Şahzadə Uilyam, Şahzadə Keyt və onların üç övladı isə Vindzordakı evlərində olublar.
Kensinqton Sarayı isə təhlükəsizlik məsələləri ilə bağlı açıqlama verməyəcəyini bildirib.
Qeyd edək ki, 10 yataq otağı olan “Anmer Hall” iqamətgahı 2011-ci ildə Şahzadə Uilyam və Keyt Middltonun toyundan sonra Böyük Britaniya kraliçası II Elizabet tərəfindən onlara hədiyyə edilib. Cütlük bu malikanədən bayram və istirahət günlərində bağ evi kimi istifadə edir.