Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyasının (AHİK) SƏTƏM üzrə əməkdaşlarının iştirakı ilə “Azərsun
Holdinq”in Sumqayıtda yerləşən istehsalat müəssisələrinə birgə infotur təşkil
olunub.
Manset.az xəbər verir ki, infoturun əsas məqsədi müəssisələrin fəaliyyəti,
istehsal prosesləri, əməkdaşlar üçün yaradılmış əmək şəraiti və əməyin mühafizəsi
sahəsində görülən işlərlə yerində tanış olmaq, həmçinin gələcək əməkdaşlıq
imkanlarını dəyərləndirmək olub.
Səfər çərçivəsində Azərsun Kağız və Karton
İstehsalat Korporasiyası nəzdində Xam Kağız Fabriki, Təmizlik Kağızları
İstehsalı Fabriki və Təmizlik Vasitələri Fabrikinə baxış keçirilib. Qonaqlara
müəssisələrin istehsalat fəaliyyəti, texnoloji proseslər, tətbiq olunan təhlükəsizlik
qaydaları və əməkdaşlar üçün yaradılmış şərait barədə ətraflı məlumat verilib.
İnfotur zamanı fərdi mühafizə vasitələrindən
istifadə, iş yerlərində təhlükəsizlik qaydalarına əməl olunması, əməkdaşların
maarifləndirilməsi və istehsalat sahələrində təhlükəsiz iş mühitinin təmin
edilməsi diqqət mərkəzində olub. Bununla yanaşı, müəssisələrdə əməkdaşların
gündəlik rahatlığı üçün yaradılmış sosial şərait, o cümlədən yeməkxanalar və
digər imkanlarla da tanışlıq baş tutub.
Görüşlər zamanı fabrik nümayəndələri və
SƏTƏM mütəxəssisləri müəssisələrdə tətbiq olunan təhlükəsizlik yanaşmaları, iş
şəraiti və əməkdaşların rifahının təmin edilməsi istiqamətində həyata keçirilən
tədbirlər barədə məlumat veriblər.
İnfotur çərçivəsində tərəflər əməyin mühafizəsi
və təhlükəsizliyi sahəsində təcrübə mübadiləsinin, birgə maarifləndirmə tədbirlərinin
təşkilinin əhəmiyyətini vurğulayıblar.
Bu təşəbbüs “Azərsun Holdinq” və Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyası arasında əməkdaşlığın inkişafı,
istehsalat müəssisələrində təhlükəsiz əmək mühitinin təşviqi və gələcək birgə
layihələr üçün yeni imkanların müəyyənləşdirilməsi baxımından əhəmiyyət
daşıyır.
“Azərsun Holdinq” üçün istehsalatın inkişafı ilə yanaşı, bu prosesin əsas iştirakçısı olan insanların sağlamlığı, təhlükəsizliyi və rifahı da daim diqqət mərkəzindədir.