Azərbaycanın qədim və dilbər guşələrindən olan Kəlbəcərin Ermənistanın
işğalından azad edildiyi, dövlətimizin ərazi bütövlüyünün təmin olunması
istiqamətində mühüm tarixi mərhələnin başa çatdığı gün kimi xüsusi əhəmiyyət
daşıyan və xalqımızın yaddaşına qızıl hərflərlə həkk olunmuş əlamətdar tarixi günlərdən biri 25 noyabr – Kəlbəcər şəhəri
günüdür.
Bu gün həm də bütün Azərbaycan
xalqı üçün böyük sevinc, qürur və iftixar mənbəyidir.
1993-cü ilin 2 aprel
tarixində Ermənistan silahlı qüvvələri tərəfindən Kəlbəcər rayonunun işğal
edilməsi Azərbaycan tarixinin ən faciəli səhifələrindən biri olmuşdur. İşğal nəticəsində
rayonun dinc əhalisi öz doğma torpaqlarından zorla çıxarılmış, minlərlə insan
ağır faciələrlə üzləşmişdir.
Kəlbəcərin işğalı zamanı mülki
əhali çətin dağ yolları, sərt hava şəraiti və təhlükəli keçidlər vasitəsilə
doğma torpaqlarını tərk etməyə məcbur qalmış, insanlar ev-eşiklərini, illərlə
qurduqları təsərrüfatlarını, xatirələrini və əcdadlarının məzarlarını geridə
qoyaraq məcburi köçkün həyatına başlamışlar. İşğal nəticəsində yaşayış evləri,
məktəblər, xəstəxanalar, mədəniyyət müəssisələri, tarixi abidələr və digər
sosial infrastruktur obyektləri dağıdılmış, bölgənin iqtisadi və mədəni
potensialına ciddi ziyan vurulmuşdur.
27 sentyabr 2020-ci il
tarixində Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı hərbi təxribatlarına
cavab olaraq Azərbaycan Ordusunun başladığı əks-hücum əməliyyatları 44 günlük Vətən
müharibəsinin başlanmasına səbəb olmuşdur.
Müzəffər Ali Baş Komandan,
Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu döyüş
meydanında misilsiz qəhrəmanlıq və peşəkarlıq nümayiş etdirərək işğal altında
olan torpaqlarımızın böyük hissəsini azad etmişdir.
Azərbaycan Ordusunun hərbi
uğurları nəticəsində Ermənistanın siyasi və hərbi rəhbərliyi 2020-ci il
noyabrın 10-da üçtərəfli Bəyanatı imzalamağa məcbur olmuşdur. Həmin sənədə əsasən,
Ağdam, Kəlbəcər və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə
tutulmuşdur. Beləliklə, 2020-ci il noyabrın 25-də Kəlbəcər rayonu, o cümlədən Kəlbəcər
şəhəri Azərbaycanın nəzarətinə qaytarılmışdır. Bu hadisə Azərbaycan dövlətinin
siyasi iradəsinin, diplomatik səylərinin və hərbi qüdrətinin mühüm nəticəsi
kimi tarixə düşmüşdür.
Kəlbəcərin azad olunmasının
tarixi əhəmiyyətini nəzərə alan Azərbaycan dövləti bu əlamətdar günün hər il rəsmi
şəkildə qeyd edilməsini təmin etmiş və Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin 31 iyul 2023-cü ildə imzaladığı «Azərbaycan Respublikasının
işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında»
Sərəncama əsasən, hər il noyabrın 25-i Kəlbəcər şəhəri günü kimi qeyd olunur.
Kəlbəcər şəhəri günü həmçinin
Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın xatirəsinə ehtiramın ifadəsi,
qazilərimizin fədakarlığının qiymətləndirilməsi və müharibə iştirakçılarının
şücaətinin təbliği üçün əlamətdar gündür. 44 günlük Vətən müharibəsində Azərbaycan
Ordusunun nümayiş etdirdiyi yüksək döyüş hazırlığı, peşəkarlıq və qətiyyət
xalqımızın tarixi Zəfərini təmin etmişdir. Bu Qələbənin arxasında minlərlə hərbçimizin
qəhrəmanlığı, şəhidlərimizin canı, qazilərimizin sağlamlığı dayanır.
Bu gün artıq işğaldan azad
edilmiş Kəlbəcər özünün yeni inkişaf dövrünü yaşayır. Azərbaycan dövlətinin həyata
keçirdiyi məqsədyönlü siyasət nəticəsində rayonda genişmiqyaslı bərpa, yenidənqurma
və infrastruktur layihələri reallaşdırılır.
Ölkə Başçısı cənab İlham
Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış proqramı çərçivəsində Kəlbəcərin
müasir şəhərsalma prinsipləri əsasında yenidən qurulması, əhalinin rahat
yaşayışı üçün zəruri şəraitin yaradılması, iqtisadi potensialın bərpası və
sosial infrastrukturun inkişafı istiqamətində mühüm addımlar atılır. Şəhərdə
yaşayış binalarının, inzibati obyektlərin, yolların, kommunikasiya xətlərinin və
sosial təyinatlı müəssisələrin tikintisi və bərpası həyata keçirilir.
Kəlbəcərin gələcəyi ilə
bağlı ən mühüm məsələlərdən biri uzun illər məcburi köçkün həyatı yaşamış
sakinlərin öz doğma yurdlarına qayıtmasıdır. Böyük Qayıdış proqramı Azərbaycanın
işğaldan azad edilmiş ərazilərində həyatın yenidən canlandırılmasını,
insanların təhlükəsiz və ləyaqətli yaşayış şəraitinin təmin edilməsini qarşıya
məqsəd qoyur. 2025-ci il avqustun 20-dən etibarən Kəlbəcər şəhərinə keçmiş məcburi
köçkünlərin qayıdışı başlanmışdır. Bu hadisə şəhərin tarixində yeni mərhələnin
başlanğıcı olmaqla yanaşı, uzun illər yurd həsrəti ilə yaşayan ailələrin
arzularının gerçəkləşməsi deməkdir.
Kəlbəcər zəngin təbii
resursları və əlverişli turizm imkanları ilə Azərbaycanın iqtisadi inkişafında
mühüm yer tuta biləcək rayonlarımızdandır. Rayonun dağlıq relyefi, təmiz
havası, mineral su ehtiyatları, meşələri və təbii landşaftları burada
ekoturizmin, sağlamlıq turizminin, dağ turizminin və kənd turizminin inkişafı
üçün geniş imkanlar yaradır. Xüsusilə, məşhur İstisu mineral bulaqları Kəlbəcərin
ən qiymətli təbii sərvətlərindən biridir. İstisu ərazisində müasir turizm və
sağlamlıq infrastrukturunun yaradılması bölgənin iqtisadi potensialının
reallaşdırılması baxımından mühüm istiqamətlərdəndir.
Kəlbəcər həm də Azərbaycanın
qədim tarixini və mədəni irsini özündə yaşadan ərazilərdən biridir. Bu bölgənin
tarixi abidələri, dini-memarlıq nümunələri, qədim yaşayış məskənləri və
arxeoloji irsi xalqımızın çoxəsrlik tarixinin mühüm tərkib hissəsidir. Kəlbəcərdə
yerləşən qədim alban məbədlərinin və digər tarixi nümunələrin qorunması,
onların mənsubiyyətinin elmi əsaslarla araşdırılması Azərbaycan tarixinin beynəlxalq
səviyyədə təbliği baxımından vacibdir.
25 Noyabr – Kəlbəcər şəhəri
günü gənc nəslin milli-mənəvi dəyərlər ruhunda, Vətənə sevgi və dövlətə sədaqət
prinsipləri əsasında tərbiyə olunması baxımından da xüsusi əhəmiyyət daşıyır. Gənclərimiz
bilməlidirlər ki, Kəlbəcərin azad olunması sadəcə hərbi uğur deyil, xalqımızın
milli iradəsinin, dövlətimizin gücünün və tarixi ədalətə inamının təntənəsidir.
Əminliklə demək olar ki,
yaxın gələcəkdə Kəlbəcər Azərbaycanın ən inkişaf etmiş, müasir infrastruktura
malik, turizm və iqtisadi potensialı ilə seçilən bölgələrindən birinə çevriləcəkdir.
Burada yenidən qurulan hər bir yaşayış evi, açılan hər bir məktəb, salınan hər
bir yol və fəaliyyətə başlayan hər bir müəssisə Azərbaycan dövlətinin qüdrətinin
və xalqımızın qurub-yaratmaq əzminin göstəricisi olacaqdır.
Pərvanə Vəliyeva
Milli Məclisin deputatı