ABŞ Senatında fəaliyyət göstərən 42 respublikaçı senator ABŞ prezidenti Co Baydenə məktub göndərərək Ukraynaya daha konkret müdafiə yardımı göstərməyə çağırıb.
Manset.az xəbər verir ki, Coni Ernst və Mitt Romney başda olmaqla senatorlar məktubda Baydenin Ukraynaya müdafiə yardımını alqışladıqlarını, lakin administrasiyanın Ukraynaya təcili ehtiyacı olan döyüş təyyarələri göndərməkdə qeyri-adekvat olduğunu bildiriblər.
Məktubda yazılıb ki, “Ukraynaya göndərdiyiniz silahlara görə rəhbərliyi yüksək qiymətləndiririk, lakin Polşanın döyüş təyyarələrini Ukraynaya təhvil vermək variantını rədd etmək qərarınızla qətiyyən razılaşmırıq”.
Ukraynaya döyüş təyyarələri göndərilməsi ilə bağlı ABŞ və Polşa arasında fikir ayrılığı yaranıb. Polşa müvafiq döyüş təyyarələrini birbaşa Ukraynaya verə bilməyəcəyini, lakin bu təyyarələri ABŞ-ın Almaniyadakı bazasına çatdırmağa hazır olduğunu bəyan edib. ABŞ isə bu variantı qəbul edə bilməyəcəyini açıqlayıb.