Rusiya Mərkəzi Bankının qızıl-valyuta ehtiyatlarının yarısı sanksiyalara görə dondurulub.
Manset.az xəbər verir ki, bunu Rusiya Federasiyası Maliyyə Nazirliyinin rəhbəri Anton Siluanov "Rossiya-1" telekanalında "Moskva. Kreml. Putin" proqramına müsahibəsində deyib.
Anton Siluanov, jurnalist Pavel Zarubinin suallarını cavablandırarkən deyib: "Bu, bizdə olan ehtiyatların təxminən yarısıdır. Bizim ümumi ehtiyatlarımız təxminən 640 milyard dollardır, 300 milyarda yaxın ehtiyat indi elə vəziyyətdədir ki, biz onlardan istifadə edə bilmirik".
Nazir əlavə edib ki, Rusiyanın qızıl-valyuta ehtiyatlarının bir hissəsi Çin valyutasındadır. Eyni zamanda, hazırda Qərb dövlətləri Rusiyanın Çinlə ticarətini məhdudlaşdırmaq üçün ona təzyiq göstərirlər.
"Əlbəttə, yuanda malik olduğumuz ehtiyatlara çıxışı məhdudlaşdırmaq üçün təzyiqlər var. Düşünürəm ki, Çin ilə tərəfdaşlığımız bizə əldə etdiyimiz əməkdaşlığı qoruyub saxlamağa və nəinki qoruyub saxlamağa, həm də artırmağa imkan verəcək. Qərb bazarlarının bağlandığı şəraitdə”, - Siluanov bildirib.
Nazir qeyd edib ki, Rusiyaya dost olmayan ölkələrin borcları rublla ödəniləcək.
"Ancaq - bir daha təkrar edirəm - Rusiya Federasiyasına dost olmayan və qızıl-valyuta ehtiyatlarının istifadəsinə bu cür məhdudiyyətlər qoyan ölkələrə ödəməli olduğumuz borcları rubl ilə ödəyəcəyik”, - o vurğulayıb.