Şimali Koreya yeni tipli qitələrarası ballistik raketin sınağını elan edib.
Manset.az xəbər verir ki, Şimali Koreya dünən sınaqdan keçirdiyi raketin "yeni tip" qitələrarası ballistik raket (ICBM) olduğunu açıqlayıb.
Şimali Koreya Mərkəzi Xəbər Agentliyi ölkənin dünən yeni tip ICBM-ni işə saldığını bildirib.
Xəbərdə bu raketin “ilk dəfə atıldığı” və sınağın Şimali Koreya lideri Kim Çen Inın nəzarəti altında keçirildiyi bəyan edilib.
Cənubi Koreya Şimali Koreyanın raketinin dünən 6200 kilometrdən çox yüksəklikdə təxminən 1080 kilometr uçduğunu bildirib.
Yaponiya raketin Hokkaydadakı Oşima bölgəsindən 150 kilometr qərbə və milli müstəsna iqtisadi zonaya düşdüyünü təsdiqləyib.
Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş qitələrarası ballistik raket sınağının BMT Təhlükəsizlik Şurasının qətnamələrini "açıq şəkildə pozduğunu" bildirib.
Brüsseldə keçirilən G7 liderlərinin sammiti çərçivəsində ikitərəfli görüş keçirən ABŞ prezidenti Co Bayden və Yaponiyanın baş naziri Kişida Fumio təcrübəni pisləyib.
Qeyd olunub ki, ABŞ prezidenti Bayden görüş zamanı ölkəsinin Yaponiya və Cənubi Koreyanın “təhlükəsizliyinə sarsılmaz dəstəyini” vurğulayıb.