Rusiyanın xarici işlər naziri Sergey Lavrov ölkənin müdafiə naziri Sergey Şoyqunun son zamanlar yoxa çıxmasını “cəfəngiyyat” adlandırıb.
Manset.az Rusiya mediasına istinadən xəbər verir ki, Lavrov bu barədə Serbiya KİV-inə müsahibəsində danışıb.
“Mən bu cəfəngiyyata münasibət bildirmək istəmirəm, çünki bu, məhz cəfəngiyyatdır. Bunu Ukraynanın xüsusi xidmət orqanları və ölkədən xaricdə olan rusiyalı neoliberallar yayırlar. Görünür, onlara yaymaq lazım olan materiallar verilir və onlar da bunu deyirlər. Hər kəs sağdır, salamatdır və hər kəs işləyir”, - deyə Lavrov qeyd edib.
Xatırladaq ki, martın 23-də rusiyalı araşdırmaçı jurnalistlər Rusiyanın müdafiə naziri Sergey Şoyqunun informasiya məkanından yoxa çıxmasına diqqət çəkib. Bildirilib ki, nazir, 11 gündür ictimaiyyət qarşısına çıxmayıb. Həmçinin Şoyquda ürək xəstəliyi olduğu da iddia edilib.
Ukrayna Prezidenti Volodimir Zelenskinin ofisinin rəhbərinin müşaviri Mixail Podolyak Şoyqunun yoxa çıxmasını maraqlı adlandırıb, Rusiyanın daha bir neçə əsas siyasi xadiminin informasiya məkanından yoxa çıxdığını qeyd edib.