Bişkekdə Heydər Əliyev adına məktəbin açılışı oldu - YENİLƏNDİ (FOTOLAR)

14:43 - 12 Oktyabr 2022

Bişkekdə Heydər Əliyev adına məktəbin açılışı oldu - YENİLƏNDİ (FOTOLAR)

Oktyabrın 12-də Bişkekdə Heydər Əliyev adına 20 saylı Məktəb-Gimnaziya təhsil-tərbiyə kompleksinin açılışı olub.

 

Manset.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov açılış mərasimində iştirak ediblər.
Dövlət başçıları açılış mərasimində çıxış ediblər.

Prezident Sadır Japarovun çıxışı

-Hörmətli İlham Heydər oğlu.

Hörmətli qonaqlar, əziz dostlar.

Biz bu gün Azərbaycanın Ulu Öndəri Heydər Əliyev adına ümumtəhsil məktəbinin təntənəli açılış mərasimində iştirak edirik.

Qırğızıstanda bu məktəbin açılışı ikitərəfli münasibətlərdə əlamətdar hadisədir və bizim xalqların möhkəm dostluğuna, ölkələrimiz arasında əsası beynəlxalq miqyaslı tarixi şəxsiyyət, Azərbaycanın Ümummilli Lideri, hörmətli Heydər Əlirza oğlu Əliyev tərəfindən qoyulmuş strateji əməkdaşlığa dəlalət edir.

Xüsusi vurğulamaq istəyirəm ki, məktəbə Heydər Əliyevin adının verilməsi bizim üçün böyük şərəfdir, çünki bu böyük şəxsiyyətdə təkcə Azərbaycan xalqının ümidləri və istəkləri cəmlənməyib. Tutduğu vəzifədən asılı olmayaraq – respublika Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi vəzifəsində işləyərkən, yaxud da özünün kiçik Vətəni – Naxçıvanda olarkən Heydər Əliyev öz dövrünün görkəmli nümayəndəsi, incə və dərin düşünən mütəfəkkiri, böyükürəkli insanı olub.

Həmçinin xatırlatmaq istəyirəm ki, Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü olanda, SSRİ Nazirlər Soveti Sədrinin Birinci müavini işləyəndə Heydər Əliyev SSRİ-nin iqtisadi, sosial və mədəni həyatının ən vacib sahələrinə rəhbərlik edib.

Onun olduqca zəngin siyasi və dövlətçilik təcrübəsi, xalqın mənafeyinin müdafiəsində qətiyyəti və prinsipiallığı, müdrikliyi və yüksək insani keyfiyyətləri haqlı olaraq ona Azərbaycanın hüdudlarından kənarda da hörmət qazandırıb.

Mən ümidvar olduğumu bildirirəm ki, gələcəkdə bu məktəbdən Heydər Əliyev kimi şəxsiyyətlər çıxacaq. Heç bir şübhə yoxdur ki, bizim gənc soydaşlarımız qardaş xalqlarımız və ölkələrimiz arasında dostluq və əməkdaşlığın möhkəm körpüsünə çevriləcəklər. Gənclərə gözəl təhsil, tərbiyə almağı, tələbedilən olmağı, Qırğızıstan və Azərbaycan arasında dostluğun və əməkdaşlığın möhkəmləndirilməsi işinə öz töhfələrini verməyi arzulayıram.

Heydər Əliyev dediyi kimi: “Bizim cəmiyyətin gələcək tərəqqisi bu gün bizim gənclərimizə nəyi və necə öyrətməyimizdən çox asılı olacaq”. Qeyd etmək lazımdır ki, gənc nəslin tərbiyəsi daim diqqət mərkəzimizdədir və bu, təbiidir, çünki istənilən ölkənin bu günü və gələcəyi keyfiyyətli təhsillə, əldə edilmiş biliyi cəmiyyətin faydası üçün tətbiq etmək bacarığı ilə bilavasitə bağlıdır. Əminəm ki, bu gözəl məktəbin divarları arasında uşaqlar keyfiyyətli təhsil, vətənpərvər və işinin peşəkarı kimi tərbiyə alacaqlar.

Hörmətli İlham Heydər oğlu, əziz dostlar, qeyd etmək istəyirəm ki, biz Azərbaycan xalqının görkəmli mütəfəkkiri və şairi Nizami Gəncəvinin adı verilmiş məktəbin açılışında da iştirak edəcəyik.

XII əsrdə Nizami təxəllüsü ilə yazmış bu məşhur şairin qoyduğu zəngin irs təkcə Azərbaycan xalqını zənginləşdirməyib, eyni zamanda, əminəm ki, bütövlükdə bəşəriyyətin ədəbi xəzinəsinə qızıl hərflərlə həkk olunub.

Nizaminin yazdığı “Sirlər xəzinəsi”, “Leyli və Məcnun”, “Yeddi gözəl”, “İsgəndərnamə”, “Xosrov və Şirin” poemaları, çoxsaylı şeirləri orta əsrlərdə Yaxın Şərqdə və Mərkəzi Asiyada ədəbiyyatın gələcək inkişafında dərin iz qoyub.

Əziz dostlar, inanıram ki, Heydər Əliyev adına və Nizami Gəncəvi adına ümumtəhsil məktəbləri Qırğızıstan və Azərbaycan arasında əməkdaşlıq körpülərinə və dostluq mərkəzlərinə çevriləcək, mədəni-humanitar və təhsil sahələrində əməkdaşlığın dərinləşməsinə və genişlənməsinə layiqli töhfəsini verəcək.

Hörmətli İlham Heydər oğlu.

Əziz dostlar.

Sonda qeyd etmək istəyirəm, sevindirici haldır ki, bu il Qırğız Respublikası və Azərbaycan Respublikası arasında münasibətlər fəallaşıb və strateji tərəfdaşlığın yeni səviyyəsinə yüksəlib.

Əziz İlham Heydər oğlu, bütün bu nailiyyətlər Sizin şəxsi diqqətiniz və bütün komandanızın fəal işi olmadan mümkün deyildi.

Bizim azərbaycanlı dostlarımıza səmimi təşəkkürümü bildirirəm.

İki gözəl məktəbin kollektivlərinə böyük nailiyyətlər və uğurlar, iki qardaş ölkələrimizin xalqlarına isə rifah və firavanlıq arzu edirəm.

Diqqətinizə görə təşəkkür edirəm.

***

Oktyabrın 12-də Bişkekdə Heydər Əliyev adına 20 saylı Məktəb-Gimnaziya təhsil-tərbiyə kompleksinin açılışı olub.

Manset.az xəbər verir ki, Prezident İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov açılış mərasimində iştirak ediblər.

Dövlət başçıları açılış mərasimində çıxış ediblər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az