Rusiya parlamentinin aşağı palatası Duma uşaqlara “qeyri-ənənəvi” seksuallığın təbliğinə qoyulan qadağanın böyüklər də daxil olmaqla uzadılmasını nəzərdə tutan qanun layihəsini qəbul edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Dumanın rəsmi saytında yayımlanan qərara əsasən, tamaşaçıların yaşından asılı olmayaraq onlayn və ya oflayn mediada, internetdə, sosial şəbəkələrdə və internet üzərindən yayımlanan filmlərdə bu cür təbliğatın qadağan edilməsi qərara alınıb.
Rusiya Konstitusiyasında eynicinsli nikahları təbliğ edən bütün yayımları qadağan edən İnzibati Xətalar Qanununa əsasən, pedofiliya təbliğatı aparanlar 200 ilə 400 min rubl (təxminən, 5513 – 11025 AZN) arasında, yetkinlik yaşına çatmayanları homoseksual münasibətə təşviq edənlər isə 50 min rubl və 400 min rubl (1379 – 11025 AZN) məbləğində cərimələnəcəklər. Bu cür cinayətləri törədən xarici vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər 400 min rubl məbləğində cərimə, həbs və ya 15 gün müddətinə deportasiya oluna bilər.
Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirib ki, birinci qanun layihəsi təsdiq edildikdən sonra ikinci qanun layihəsinə də yol açıqdır və bu cəzalar artırıla bilər.
Bu qanunun Rusiyada qəbul edilməsinin vacibliyini vurğulayan Volodin “Bizim adət-ənənələrimiz var, vicdanımız var, uşaqları, ailələri, ölkəni düşünmək, valideynlərimizin ənənəvi olaraq bizə ötürdüklərini qorumaq lazımdır” - deyib.