Kanadalı tibb mütəxəssisləri nadir və ölümcül genetik xəstəliyi olan körpəni ana bətnində müalicə ediblər.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Kanadanın Ottava şəhərindəki Ottava Xəstəxanası və Şərqi Ontario Uşaq Xəstəxanasında həkimlər qrupu 2021-ci ildə aparılan prenatal testlərdə ana bətnindəki körpəyə “Pompe” xəstəliyi diaqnozu qoyub.
Pompe xəstələrində çatışmayan fermenti yaransın deyə həkimlər anaya hamiləliyinin 24-37-ci həftələri arasında 6 infuziya veriblər.
Körpədə çatışmazlığı olan ferment, ultrasəs ilə idarə olunan iynələrdən istifadə edilərək, dölün göbək damarına vurulub.
Körpə doğulandan sonra aparılan analizlər onun ürəyi və əzələ inkişafının normal olduğunu göstərib.
Dünyada hər 100 min körpədən birində görülən Pompe xəstəliyi adətən körpələrdə ürək böyüməsi və əzələ zəifliyi yaratdığı üçün ölümə səbəb olur.