Avstraliyanın Sidney şəhərindəki bir supermarketdə qapalı paketlərdə satılan ispanaq ölkədə fövqəladə sağlamlıq xəbərdarlığına səbəb olub.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, həmin ispanaqdan yeyən insanlar halüsinasiyalar görməyə başlayıb.
İndiyədək 9 nəfər eyni səbəbdən xəstəxanaya müraciət edərək müalicə olunub.
Xəstəxanaya müraciət edənlərdə görmənin bulanıqlığı, göz bəbəklərinin genişlənməsi, ürək döyüntüsü, halüsinasiyalar, delirium kimi ciddi şikayətlərin olduğu bildirilib.
“Riviera Farms” markalı ispanağın zəhərli olduğu bildirilib. İspanaq istehlak edən bir çox insanın tibbi yardıma ehtiyacı olduğu açıqlanıb.
“Riviera Farms” şirkəti onlarla adamı xəstəxanalıq edən paketlərlə bağlı açıqlama verib.
Xəbəri aldıqdan sonra dərhal hərəkətə keçdiklərini və paketləri bazar rəflərindən yığdıqlarını açıqlayan şirkət, sözügedən bağlamaların içində bir alaq otunun olduğunu, lakin digər məhsullara heç bir şəkildə təsir etmədiyini iddia edib.