Fövqəladə hallara yüksək hazırlıq səviyyəsində saxlanılan NATO-nun hərbi qüvvələrinin komandanlığı yanvarın 1-də Almaniyaya keçəcək.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Rusiyanın Ukraynaya hücumundan sonra Alyans tarixində ilk dəfə fəaliyyətə başlayan NATO Cavab Qüvvələrinin tərkibində olan Çox Yüksək Hazırlıq Birgə İşgüzar Qrupu (VJTF) təxminən 11.500 əsgərdən ibarətdir.
Türkiyənin 2021-ci ildə, Fransanın isə 2022-ci ildə komandanlığını qəbul etdiyi qüvvələrə 2023-cü ildə Almaniya rəhbərlik edəcək.
Belçika, Çexiya, Latviya, Litva, Lüksemburq, Hollandiya, Norveç və Sloveniya bir neçə gün ərzində fövqəladə vəziyyətlərə cavab verməyə hazır vəziyyətdə saxlanılan qüvvələrə töhfə verəcək. Almaniya da ilk dəfə VJTF tərkibində Xüsusi Qüvvələrə komandanlıq edəcək.
NATO-nun sözçüsü Oana Lunqesku deyib:
"Rusiyanın Ukraynadakı qeyri-qanuni müharibəsi Avropada sülh və təhlükəsizliyi təhdid etməkdə davam etdiyi üçün NATO-nun Müttəfiq ərazilərinin hər kvadrat santimetrini qorumaq və müdafiə etmək əzmində heç bir şübhə olmamalıdır. VJTF NATO-nun ilkin cavabıdır və kollektiv müdafiəmizin əsas hissəsidir. Almaniyanın rəhbərliyi onun sadiqliyinin və imkanlarının güclü nümayişidir”.