Suriyada zəlzələlərdən sonra uçan binanın dağıntıları altında doğulan qız uşağı övladlığa götürmək üçün minlərlə insan müraciət edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, ölkənin şimal-şərqindəki Afrinin Cinderes qəsəbəsində dağıntılar altında dünyaya gələn körpə xilas edilərkən hələ də anasına göbək bağı ilə bağlı idi.
Aya adı verilən körpənin anası, atası və 4 bacısı dağıntılar altında qalaraq həyatını itirib.
Aya hazırda xəstəxanadadır.
Balaca körpəyə baxan pediatr, “O, bazar ertəsi xəstəxanaya çox pis vəziyyətdə gətirilib, şişlər, göyərmələr olub, soyuq olub, nəfəs almaqda çətinlik çəkirdi” – deyib.
Onun vəziyyətinin hazırda yaxşı olduğu bildirilir.
Xəstəxana müdiri Attiah Xalid bildirib ki, dünyanın hər yerindən Ayanı övladlığa götürmək istəyən insanlar telefonla əlaqə saxlayırlar.
Xalid, “Hazırda onu heç kimin övladlığa götürməsinə icazə verməyəcəyəm. Uzaq qohumları qayıdana qədər ona öz övladım kimi baxacağam” – deyib.
Manşet.az