Rusiya-Ukrayna müharibəsinin başlanmasının ildönümündə Çin atəşkəsə və problemin sülh yolu ilə həllinə çağırıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Çinin Xarici İşlər Nazirliyi "Ukrayna böhranının siyasi həlli" ilə bağlı təkliflərini özündə əks etdirən "mövqe sənədi"ni dərc edib.
Pekinin həll yolu üçün riayət edilməsini tövsiyə etdiyi ümumi prinsipləri özündə əks etdirən 12 bəndlik sənəddə ölkələrin suverenliyinə hörmət edilməli, qanuni təhlükəsizlik narahatlıqlarının nəzərə alınmalı, hərbi blokadaya yol verilməməli olduğu və gərginliyi tədricən azaltmaqla atəşkəsə nail olunmalı olduğu vurğulanıb.
Sənəddə xatırladılıb ki, bütün ölkələr böyüklüyündən, zənginliyindən, gücündən və zəifliyindən asılı olmayaraq bərabərdir. Qeyd olunub ki, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin məqsəd və prinsiplərinə uyğun olaraq bütün ölkələrin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü təmin edilməlidir. Bütün tərəflər beynəlxalq hüquqa və beynəlxalq münasibətlərin əsas normalarına uyğun bərabərlik və ədalətin təmin edilməsi üçün birgə fəaliyyət göstərməlidirlər.
Manşet.az