Sentyabrın 26-da “Şimal axını” boru kəmərində baş verən partlayışlardan bir neçə gün əvvəl Almaniya kəşfiyyat gəmisinin həmin bölgəyə getdiyi üzə çıxıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Almaniya donanmasına məxsus “Oste” sinifli kəşfiyyat gəmisi sentyabrın 7-də Baltik dənizindəki Kiel limanından çıxıb və sentyabrın 14-dək partlayışların baş verdiyi ərazinin yaxınlığında qalıb.
Almaniya Hərbi Dəniz Qüvvələrinin Xüsusi Əməliyyatlar sözçüsü gəminin bölgəyə adi gizli missiya üçün getdiyini bildirib. Sözçü gəminin topladığı məlumatların hücumun arxasında kimin olduğunu ortaya çıxarmaq üçün kifayət etmədiyini açıqlayıb.
Bölgəyə partlayıcı daşımaqda şübhəli bilinən Andromeda adlı yaxtanın partlayışlara yaxın bölgədə olduğu iddia edilib. Almaniyada Baş Prokurorluq yanvar ayında Andromedada axtarış aparıb və yaxtada partlayıcı maddələrin qalıqları aşkar edilib.
Almaniyada nəşr olunan “Die Zeit” qəzeti də ötən həftə dərc etdiyi xəbərdə hücumun biri qadın olmaqla 6 nəfər tərəfindən edildiyini iddia edərək, Ukrayna tərəfdarı olduğu düşünülən qrupun saxta pasportlardan istifadə edərək yaxta icarəyə götürdüyü barədə məlumat paylaşıb.
“Şimal axını” boru kəmərinin təxribatından 6 aya yaxın vaxt keçməsinə baxmayaraq, hücumu kimin təşkil etdiyi hələlik məlum deyil. Mütəxəssislər partlayışda təxminən 500 kilo TNT istifadə oluna biləcəyini və kiçik yaxta ilə bu miqyasda əməliyyatın həyata keçirilməsinin mümkün olmadığını vurğulayırlar.
Manşet.az