Ukrayna prezidenti Volodimir Zelenski iyunun 21-də Azərbaycan səfiri Seymur Mərdəliyevin etimadnaməsini qəbul edib.
Manset.az xəbər verir ki, bu barədə o, özünün "Facebook" səhifəsində yazıb.
Azərbaycan, Norveç, İsveçrə, Pakistan və İslandiyanın səfirləri etimadnamələrini Zelenskiyə təqdim ediblər.
O, səfirləri Ukraynada diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edib.
"Biz birlikdə qaydalara əsaslanan beynəlxalq nizamı gücləndiririk", - Zelenski qeyd edib.
Ukrayna Prezidentinin rəsmi saytında deyilir ki, Zelenski Azərbaycan Prezidenti İlham Əliyevə ən səmimi təbriklərini çatdırıb və Kişinyovdakı son görüşlərin məhsuldar keçdiyini, qarşılıqlı maraq doğuran bir çox məsələləri müzakirə etmək mümkün olduğunu qeyd edib. O cümlədən, Azərbaycanın İrpen şəhərinin yenidən qurulmasında iştirakı razılaşdırılıb.
“Bizim komandalarımız artıq bu sazişin həyata keçirilməsi üzərində işləyir. Bu, Ukraynanın müharibədən sonrakı bərpasına konkret töhfə olacaq”, - deyə Zelenski vurğulayıb.
Qeyd edək ki, bir müddət öncə Prezident İlham Əliyev Azərbaycanın Ukraynadakı səfirini dəyişdirib. Dövlət başçısının imzaladığı sərəncama əsasən, Elmira Axundova Kiyevdən geri çağırılıb, onun yerinə Seymur Qurban oğlu Mərdəliyev təyinat alıb.
O, yeni təyinata qədər Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatının Cenevrə şəhərindəki bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsinin müavini vəzifəsində çalışıb.