Yunanıstanın paytaxtı Afinanın 27 kilometr cənub-şərqindəki başlayan meşə yanğını küləyin təsiri ilə 2 saat ərzində 12 kilometr əraziyə yayılıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Afina yaxınlığında 81 nöqtədə baş verən meşə yanğını yaşayış məntəqələrinə çatıb. Çoxlu evlər yanaraq kül olub, 100-dən çox insan təhlükəsiz ərazilərə aparılıb.
Alovlara qurudan və havadan müdaxilə edilib. Sahil mühafizə qrupları sahil zolağında patrul həyata keçirib. Qayıqlar lazım gəldikdə istifadə üçün sahildə hazır vəziyyətdə saxlanılıb.
Afinanın qərbindəki sahilyanı Lutraki şəhərində də meşə yanğını baş verib. Yay düşərgəsi və reabilitasiya mərkəzində olan 1200 uşaq təxliyə edilib. Buradakı söndürmə işlərinə hava dəstəyi də verilib. Yanğınlarda ölən və yaralananlar barədə məlumat verilməyib.
Yunanıstanın baş naziri Kiryakos Miçotakis liderlər sammiti üçün Brüsselə gedərkən yanğınlarla bağlı davamlı olaraq məlumatlandırıldığını və bunu da iqlim dəyişikliyi ilə əlaqələndirdiyini bildirib. O, vətəndaşları mülki müdafiə qaydalarına əməl etməyə çağırıb:
"Bu gün həqiqətən yayın ən çətin ilk günü idi. Davamının gələcəyi dəqiqdir. Yaşadığımız iqlim böhranının nəticələrindən biri yanğınlar idi və bundan sonra da olacaq".
Qeyd edək ki, 2018-ci ildə Yunanıstanın Mati şəhərində baş verən meşə yanğınında 101 nəfər həlak olmuşdu.
Aygün
Manşet.az