ABŞ-da son 7 ayda silahlı zorakılıqlarda 25 190 nəfər ölüb.
Manset.az Sözcü-yə istinadən xəbər verir ki, ABŞ-da silahlı hücum müzakirələri davam edərkən qan donduran bir hesabat dərc olunub.
Hesabatda bildirilir ki, silah zorakılığının qurbanları arasında 0-11 yaşlı 170 uşaq və 12-17 yaşlı 878 uşaq var. Hər iki yaş qrupunda yaralanan uşaq sayı 2 min 617 olaraq qeyd edildi. Polisin iştirak etdiyi hadisələrdə 34-ü polis olmaqla 859 nəfər həyatını itirib, 218-i polis olmaqla 706 nəfər yaralanıb.
Silah Zorakılığı Arxivi internet saytında "əsasən Amerika fenomeni" olaraq xarakterizə edilən kütləvi hücumlar ölkədəki silahlı zorakılıq çərçivəsində müzakirə olunmağa davam edir.
Arxivin qeydlərinə görə, bu il ölkə üzrə 421 kütləvi atışma olub ki, bu da indiyədək orta hesabla gündə 2 kütləvi atışma deməkdir.
Təkcə bu həftəsonu ölkədə baş verən ən azı 9 kütləvi atışmada 5 nəfər ölüb, 56 nəfər yaralanıb. 2022-ci ildə 647, 2021-ci ildə isə 690 kütləvi atışma qeydə alınıb.
Silah Zorakılığı Arxivi "kütləvi hücum"u müəyyən etmək üçün Federal Təhqiqat Bürosunun (FTB) meyarlarından istifadə edir. Buna əsasən, bir hadisə nəticəsində hücum edəndən başqa ən azı 4 nəfərin həyatını itirdiyi və ya yaralandığı silahlı hücumlar “kütləvi silahlı hücum” kimi qiymətləndirilir.
Bu tərifə kommersiya məqsədli cinayət fəaliyyəti, fərdi düşmənçilik və ya dəstə insidentləri, ailə qətlləri və oxşar zorakılıq hadisələri daxil deyil.
Jalə
Manşet.az