İran neft tankerlərinin ABŞ tərəfindən ələ keçiriləcəyi təqdirdə eyni şəkildə cavab verəcəyini bildirib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, bunu İran İnqilab Keşikçiləri Korpusunun sözçüsü, briqada generalı Ramazan Şərif Qumda keçirilən tədbirdə çıxış edərkən deyib.
Ramazan Şərifin sözlərinə görə İranın ABŞ-ın istənilən pis hərəkətinə cavab vermək gücü var:
“İranın ABŞ-ın istənilən pis hərəkətinə, o cümlədən bizim gəmilərimizi ələ keçirməsinə cavab vermək və onların gəmilərini ələ keçirmək gücü var. ABŞ-ın bütün cəhdlərinə qarşı lazımi tədbirləri görəcəyik”.
Beləki, ABŞ vaxtaşırı xam neft daşıyan İran tankerlərini müsadirə edir və nefti bu gəmilərdə hərracda satır. İran isə öz növbəsində Fars körfəzi ətrafında neft daşıyan tankerlərə "dəniz qaydalarına əməl etmədikləri" əsası ilə müdaxilə edir. ABŞ mediası avqustun 3-də Pentaqonun İranın müdaxiləsinə qarşı Hörmüz boğazında gəmilərə silahlı dənizçilər yerləşdirməyə hazırlaşdığını vurğulayıb.
Qeyd edək ki, ABŞ Mərkəzi Komandanlığı dünən təxminən 3000 əsgərdən ibarət 26-cı Dəniz Piyadaları Ekspedisiya Qrupunun artıq Yaxın Şərqə çatdığını qeyd edib.
Aygün
manşet.az