Belarus ordusunun bölmələri NATO ölkələri ilə sərhədlərin yaxınlığında təlimlər keçirəcəklər.
Manset.az oxu.az-a istinadən xəbər verir ki, onları “Vaqner” özəl hərbi şirkətinin muzdluları təlimatlandıracaqlar.
Bu barədə Britaniya Müdafiə Nazirliyi “X” hesabında məlumat verib.
Qeyd edilib ki, Belarus Müdafiə Nazirliyinin yaydığı xəbərə görə, 6-cı Əlahiddə Qvardiya Mexanikləşdirilmiş Briqadası Belarusun şimal-qərbində, Polşa-Litva sərhədi yaxınlığındakı Qrodno rayonunda təlimlər keçirəcək. Təlimlər Rusiya hərbçilərinin Ukraynada əldə etdikləri təcrübələrini paylaşmaları üçün təşkil olunub.
“Vaqner” qrupundan az sayda məsləhətçinin Belarus qoşunlarına təlimatçı kimi qoşulması gözlənilir”, - deyə məlumatda qeyd edilib.
Britaniya kəşfiyyatının məlumatına görə, xüsusi təlimlər, çox güman ki, Belarus hərbçilərinin müntəzəm təlim cədvəlinin bir hissəsidir. 6-cı Əlahiddə Qvardiya Mexanikləşdirilmiş Briqadasının baza qarnizonu Qrodnoda yerləşir və çətin ki, hazırkı təlimlər döyüş hazırlığı ilə bağlı olsun.
“Lakin demək olar ki, mütləq şəkildə Rusiya Belarus qüvvələrini NATO-ya qarşı mövqe tutublarmış kimi nümayiş etdirməyə çalışır”, - deyə Britaniya Müdafiə Nazirliyi vurğulayıb.