ABŞ dövlət katibi Antoni Blinken İranın nüvə proqramını yavaşlatmaq üçün istənilən addımını alqışlayacaqlarını bildirib.
Manset.az azxeber.com-a istinadən xəbər verir ki, Blinken bu barədə Dövlət Departamentində jurnalistlərin suallarını cavablandırarkən danışıb.
Bir nəfər jurnalist Blinkenə Wall Street Journal-ın İranın nüvə proqramını ləngitməsi ilə bağlı xəbərinə işarə edərək "Bu doğrudurmu? Sizin məlumatınıza görə, həqiqətən nüvə proqramını ləngitdilər?" - sualını verib.
Blinken isə cavabında "Dediyiniz xəbəri təsdiq edə bilmərəm. Əlbəttə, deyə bilərəm ki, ABŞ-ın nüvə sazişindən çıxmasından sonra həqiqətən artan nüvə təhlükəsini azaltmaq üçün İranın atacağı hər addımı alqışlayacağıq", - deyib.
Hazırda İran və ABŞ arasında heç bir nüvə razılaşmasının olmadığını bildirən Blinken "Biz açıq şəkildə deyirik ki, İranın diplomatiyaya yer açmaq üçün gərginliyi azaltması zəruridir”, - deyib.