ABŞ-ın keçmiş prezidenti Donald Tramp adına 2020-ci ilin sentyabrında Ağ Evə içi zəhərli maddə ilə dolu məktub göndərən şəxs 21 il 10 ay müddətinə azadlıqdan məhrum edildi.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, məktubu göndərən 56 yaşlı Paskalya Ferrier həbs cəzasını çəkdikdən sonra ABŞ-dan deportasiya ediləcək və ABŞ-a dönəcəyi təqdirdə ömürlük həbs olunacaq.
Ferrier məhkəmədə planının uğursuzluğa düçar olmasından təəssüfləndiyini və Trampı dayandıra bilməyəcəyini ifadə edərək, özünü terrorçu deyil, fəal kimi gördüyünü deyib. Təqsirləndirilən şəxs Trampa göndərdiyi məktubda “Sənə yeni bir ad tapdım: Çirkin Qəddar Kloun”, -ifadələrindən istifadə edib.
Məhkəmə Ferrierin hərəkətlərinin "potensial ölümcül" və "cəmiyyət üçün zərərli" olduğunu bildirib.
Eyni zamanda, Ferrier Texasın 8 hüquq-mühafizə orqanına oxşar məktublar göndərib. O, 2019-cu ildə qanunsuz silah gəzdirdiyi və etibarsız sənədlə avtomobil idarə etdiyi üçün 10 həftə həbsdə saxlandığına görə belə bir addım atdığını etiraf edib.
Qeyd edək ki, ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinə (CDC) görə verilən zəhər dozadan asılı olaraq 36-72 saat ərzində ölümə səbəb ola bilər.
Aygün
Manşet.az