Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun rəhbəri Hans Kluqe 2023-cü il və ondan sonrakı illərin tarixin ən isti illəri ola biləcəyi ilə bağlı xəbərdarlıq edib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Hans Kluqenin sözlərinə görə keçən il Avropada baş verən istilər 60 mindən çox insanın həyatına son qoyub. Bu da alimlərin proqnozlarından üç dəfə çoxdur.
Təşkilat qısamüddətli hava proqnozunu diqqətlə izləməyi və səlahiyyətlilərin fərmanlarına əməl etməyi tövsiyə edib. Hans Kluqe daha tez-tez sərin su içməyə, günün ən isti vaxtında bayıra çıxmamağa, uşaqları və heyvanları park edilmiş avtomobillərdə qoymamağa çağırıb.
Bundan əlavə, yaşayış sahəsini həddindən artıq istiləşmədən qorumaq üçün pəncərələrin pərdə ilə örtülməsi də tövsiyələr arasındadır.
Bundan əvvəl Ümumdünya Meteorologiya Təşkilatı hazırkı həddindən artıq isti havanı yeni norma adlandırmışdı.