Avstraliyanın paytaxtı Kanberrada qadının beynindən cərrahi yolla 8 santimetr uzunluğunda canlı qurd çıxarılıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, 64 yaşlı qadın 2021-ci ilin yanvar ayında qarın ağrısı və 3 həftə davam edən ishal, həmçinin quru öskürək, qızdırma və gecələr həddindən artıq tərləmə şikayətləri ilə xəstəxanaya müraciət edib.
2022-ci ildə sə qadının şikayətlərinə unutqanlıq və depressiya əlavə edilib. MRT müayinəsi edilən qadında anormal beyin fəaliyyəti aşkar edildiyi üçün əməliyyat olunmasına qərar verilib.
Həkimlər əməliyyat zamanı qadının beynindən uzunluğu 8 santimetr, eni 1 millimetr olan canlı qurdu çıxarıblar.
Müayinə üçün laboratoriyaya göndərilən "Ophidascaris robertsi" adlı qurdun adətən pitonlarda görülən parazit olduğu müəyyən edilib.
Araşdırmada insanlarda sözügedən parazitlə bağlı daha əvvəl heç bir rastlantının olmadığı qeyd edilib.
Xəstənin evinin yaxınlığında gölün olduğu və gölün ətrafında parazitin məskunlaşdığı piton növünün tapıldığı bildirilib.
Düşünülür ki, qadın gölün ətrafındakı otlara toxunub və yeməklərində ətrafdan topladığı bitkilərdən istifadə edib. Nəticədə ilanın xaric etdiyi parazitin yumurtasının qadının bədəninə daxil olub.
Həkimlər bu hadisənin gələcəkdə xəstəliyin heyvanlardan insanlara keçmə təhlükəsinə işıq saldığını vurğulayıb.
Aygün
Manşet.az