Böyük Britaniya rusiyalı muzdlulardan ibarət Vaqner qrupunun terror təşkilatları siyahısına daxil ediləcəyini bildirib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın daxili işlər naziri Suella Braverman məlumat verib.
Braverman Vaqner qrupunu “Rusiya prezidenti Vladimir Putinin Rusiyadan kənarda hərbi maşını” kimi xarakterizə edib.
“Putin rejimi yaratdığı canavarla nə edəcəyini düşünərkən, Vaqner Kremlin siyasi məqsədlərinə xidmət edən təxribatçı əməllərini davam etdirir. Aydın və sadədir, onlar (Vaqner) terrorçudurlar və verəcəyimiz əmrlə Britaniya bunu öz qanunlarında açıqlayacaq. Vaqner talanlarda, işgəncələrdə, vəhşicəsinə qətllərdə iştirak edib. Onun Ukrayna, Yaxın Şərq və Afrikadakı hərəkətləri qlobal təhlükəsizliyə təhdiddir”.
Qeyd edək ki, Vaqnerin qanunsuz elan edilməsi Rusiyaya qarşı mübarizədə Ukraynanı dəstəkləmək deməkdir. Rəsmi olaraq terror təşkilatı elan olunarsa, Vaqner tərəfdarları 14 ilə qədər həbs oluna, həmçinin, 2000-ci il Terror Aktı çərçivəsində mallarının dondurulması və ya müsadirə edilməsi kimi tədbirlər tətbiq oluna bilər. Vaqner və onun iclaslarında iştirak etmək və onlara dəstək olmaq, ictimai yerlərdə Vaqneri təmsil edən gerbləri, loqoları və bayraqları daşımaq da cinayət olacaq.
Aygün
Manşet.az