Gürcüstandakı radikal ermənilər soydaşlarımıza qarşı qarayaxma kampaniyası aparırlar

18:30 - 17 Sentyabr 2023

Gürcüstandakı radikal ermənilər soydaşlarımıza qarşı qarayaxma kampaniyası aparırlar

Gürcüstanda fəaliyyət göstərən radikal erməni qrupun soydaşlarımıza qarşı qarayaxma kampaniyası davam edir.

 

Manset.az "Azərac"a istinadən xəbər verir ki, erməni radikallar bu dəfə Gürcüstanın İctimai kanalının (1tv.ge) etnik azərbaycanlı əməkdaşı Ramilə Əliyevanı hədəfə alıblar.

Gürcüstan vətəndaşı olan ermənilərin yaratdıqları radikal qrup Gürcüstanın İctimai kanalının (1tv.ge) departament rəhbəri Ramilə Əliyevaya qarşı uzun müddətdir apardığı qarayaxma kampaniyasını gücləndirib. Qrup R.Əliyevanın məhz azərbaycanlı olduğuna görə ermənilərin də çalışdığı departamentə rəhbərlik etməsini həzm edə bilmir və onun istefa verməsini tələb edir.

Ramilə Əliyeva məsələ ilə əlaqədar özünün feysbuk hesabında böhtan və qarayaxma kampaniyasına rəğmən istefaya getməyəəyini, Gürcüstanda ermənilərlə azərbaycanlıların dinc yaşayışından narahat olan bu qrupun məqsədinə çatmasına imkan verməyəcəyini və fəaliyyətini davam etdirəcəyini bildirib.

Gürcüstanın etnik azərbaycanlı, müsəlman vətəndaşı olduğunu və hər zaman da belə qalacağını vurğulayan R.Əliyeva ölkənin təhlükəsizlik orqanlarını Gürcüstanda etnik terror törədən bu qrupla bağlı tədbir görməyə çağırıb.

İctimai kanal isə Ramilə Əliyevanın bəyanatını öz saytında dərc edib.

Azərbaycanın Gürcüstandakı səfirliyi də məsələyə münasibət bildirib. Səfirliyin bəyanatında deyilir: “Xanım Ramilə Əliyeva! Siz yalnız deyilsiniz, biz sizinləyik! Biz sizi dəstəkləyirik!".

Gürcüstandakı azərbaycanlı icmasının fəalları da Ramilə Əliyevaya dəstək ifadə ediblər.

Qeyd edək ki, Gürcüstan vətəndaşı olan ermənilərin yaratdığı qrup tez-tez Tbilisidə Azərbaycan ərazisində separatizmi dəstəkləyən aksiyalar təşkil edir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az