Özbəkistanın keçmiş lideri İslam Kərimovun ölümündən sonra toxunulmazlığını itirən və mənimsəmə ittihamı ilə 10 ildir həbsdə olan qızı Gülnarə Kərimovaya qarşı ittiham aktı hazırlanıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, İsveçrənin federal prokurorluğu Kərimovaya qarşı rüşvət almaqda və “Ofis” kimi tanınan cinayət təşkilatını idarə etməkdə ittiham edib.
İsveçrə səlahiyyətliləri Kərimovanın 2013-cü ildən ev dustaqlığında, 2019-cu ildən isə Özbəkistanda həbsxanada olduğunu bildiriblər. Həmçinin, Kərimovanın milyonlarla dollar pulu yuyan beynəlxalq cinayət təşkilatını idarə etdiyi də qeydə alınıb.
İctimaiyyət arasında “Özbəkistan şahzadəsi” kimi tanınan Kərimovanın İsveçrədəki bəzi şirkətlər və bank hesabları vasitəsilə çirkli pulları yuduğu və 100-dən çox şirkətə sahib olduğu bildirilib. Özbəkistanda diplomat olduğu üçün uzun illər toxunulmazlığı olan Kərimova dəbdəbəli həyat tərzi və əyləncələri ilə tez-tez gündəm olub. Kərimovanın İsveçrədəki vəkili ittihamları təkzib edib.
O, bütün iddiaları rədd edib və Kərimovanın günahsızlığı üçün mübarizə aparacağını deyib.
Aygün
Manşet.az