Oktyabrın 14-də Amerika səmasında görünəcək "atəş halqası" olaraq da bilinən həlqəvi Günəş tutulması alimlərə Günəşi və Yer atmosferini daha yaxından araşdırma imkanı verəcək.
Manset.az ABŞ Milli Aeronavtika və Kosmos Agentliyinin (NASA) rəsmi internet saytına istinadən xəbər verir ki, tutulma zamanı günəş işığının azalmasının Yerin "ionosfer" adlanan atmosfer təbəqəsinə necə təsir etdiyini araşdırmaq üçün 3 zond raketinin atılacağı bildirilib.
Xəbərdə günəş tutulmalarının alimlərə Günəşi və onun Yerlə qarşılıqlı əlaqəsini bənzərsiz üsullarla araşdırmaq imkanı verdiyi vurğulanıb.
NASA rəsmisi Kelly Korreck CNN-ə verdiyi açıqlamada tutulma günü yerli vaxtla saat 11.30-dan başlayaraq NASA-nın Nyu Meksiko ştatının Albuquerque, Kirbyville, Texas və White Sands, New Mexico şəhərlərindən canlı görüntüləri paylaşacağını bildirib.
Korrek ölkənin bu əyalətlərində görüləcək növbəti həlqəvi Günəş tutulmasının 2046-cı ildə olacağını bildirib.
"Bu fenomeni bir daha görməyimiz üçün çox vaxt lazımdır." Korrek ABŞ vətəndaşlarını günəş tutulmasının tam şəkildə göründüyü yerlərə getməyə çağırıb.
NASA-nın Heliofizika Departamentinin direktoru Peq Lüce deyib ki, göz qamaşdıran səma hadisəsini milyonlarla insan izləyə bilər.
Ay öz orbitində Yerdən ən uzaq nöqtədə olduqda baş verəcək tutulma, Günəşi tam əhatə edə bilmədikdə meydana gələn halqalı görünüşə görə "od halqası" adlandırılır.
ABŞ-da isə tutulma Sakit okean vaxtı ilə saat 09.13-də başlayacaq və onu Oreqon, Nevada, Yuta, Nyu Meksiko və Texas ştatlarından izləmək olar. Tutulma Kaliforniya, Aydaho, Kolorado və Arizona ştatlarının müəyyən hissələrindən də görünəcək.
Tutulma ABŞ-da müşahidə olunduqdan sonra Meksika, Beliz, Honduras, Panama və Kolumbiyadan da izləniləcək və nəhayət, Braziliyanın Atlantik sahillərindəki Natalda sona çatacaq.
Halqavari Günəş tutulması müxtəlif mərhələlərdə baş verərkən, ilk olaraq Ay Günəşin qarşısından keçməyə başlayanda aypara şəklində qismən tutulmanın baş verəcəyi bildirilib.
Qismən tutulma başlayandan 1 saat 20 dəqiqə sonra Ay birbaşa Günəşin qarşısından keçərək “od halqası” yaradacaq.
Ayın Günəş üzərindəki səyahətini başa vurmadan və gözdən itməzdən əvvəl daha bir qismən tutulmanın baş verəcəyi bildirilib.
Jalə
Manşet.az