Latın Amerikası ölkələri İsrailin Cibaliya Qaçqınlar Düşərgəsinə bombalı hücumlarını pisləyib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Argentina prezidenti Alberto Fernandez açıqlamasında İsrailin Cibaliya Qaçqınlar Düşərgəsinə hücumunu pisləyib.
Fernandez Qəzzanın təcili olaraq humanitar yardıma ehtiyacı olduğunu və yardımların Rəfah Sərhəd Qapısından keçməsinin daha çevik olması lazım olduğunu bildirib. Həmçinin, Fernandez HƏMAS-ın 20 Argentina vətəndaşının olduğunu xatırladıb və girovların dərhal, qeyd-şərtsiz azad edilməsini tələb edib.
Kuba prezidenti Migel Diaz-Kanel də İsrailin Qəzzaya hücumlarına reaksiya göstərib:
"Tarix biganə qalanları bağışlamayacaq. Biz onların arasında olmayacağıq. Mülkiyyətdən məhrum etmə fəlsəfəsi fəlakətə gətirib çıxarır. İsrailin raketlərinin vurduğu yer bir parça torpaq deyil, Fələstin xalqıdır. Bu onların uşaqları və qocalarıdır".
Kubanın xarici işlər naziri Bruno Rodriguez Parrilla sosial media hesabında İsrailin Cibaliya Qaçqınlar Düşərgəsinə hücumunu "qətiyyətlə" pisləyib.
Ekvador hökumətindən verilən açıqlamada İsrailin düşərgəyə hücumunun narahatlıqla izləndiyi bildirilib.
Honduras Xarici İşlər Nazirliyi isə Birləşmiş Millətlər Təşkilatına (BMT) təcili atəşkəs çağırışı edib.
Açıqlamada "İnsan haqlarına hər şəraitdə riayət edilməlidir. Qəzza zolağında fəlakətli humanitar faciə baş verir və əsasən uşaqlardan ibarət mülki əhali təsirlənir”, ifadəsi yer alıb.
Uruqvay Xarici İşlər Nazirliyinin internet saytında verilən açıqlamada mülki şəxslərin həyat təhlükəsizliyinin təmin edilməli olduğu vurğulanıb.
Meksika prezidenti Andres Manuel Lopez Obrador mətbuat konfransında Meksikanın iki dövlətli həll iradəsini dəstəklədiyini ifadə edib:
"Biz tərəf olmaq istəmirik, çünki biz sülh yolu ilə həll axtarmağın tərəfdarıyıq. Münaqişənin dərhal dayandırılmasını və zorakılığın artmasının qarşısı alınmasını istəyirik”.
Meksika HƏMAS-ın əlində olan girovlardan ikisinin Meksika vətəndaşı olduğu qeyd edib.
Peru hökumətindən verilən açıqlamada Qəzzada humanitar vəziyyətin pisləşdiyi bildirilib və İsrailin Cibaliya Qaçqınlar Düşərgəsinə hücumu pislənib.
Venesuela Xarici İşlər Nazirliyi sosial media hesabında İsrailin Cibaliya Qaçqınlar Düşərgəsinə etdiyi bombalı hücumu "ən güclü" şəkildə pisləyib.
Əfsanə
Manşet.az