Ucarda iki mərtəbəli yaşayış binasında yanğın hadisəsi baş verib.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə nəticəsində mənzilin bir hissəsi yanaraq yararsız vəziyyətə düşüb.
Hadisə rayon ərazisində yerləşən, ümumi sahəsi 2000 kvadratmetr olan, 16 ailənin yaşadığı iki mərtəbəli yaşayış binasında qeydə alınıb. Məlumata görə, binadakı mənzillərdən birində başlayan yanğın qısa müddətdə evin bir hissəsini əhatə edib.
Yanğın baş verən mənzil Şirinov Məhəmməd Şirxan oğluna məxsus olub. Ümumi sahəsi 100 kvadratmetr olan, 4 otaq və 1 mətbəxdən ibarət mənzildə yanğın zamanı bir otaq əşyaları ilə birlikdə xilas edilib. Mənzilin mətbəxi və digər 3 otağı isə içərisində olan məişət əşyaları ilə birlikdə yanaraq yararsız hala düşüb.
Əraziyə dərhal Ucar rayon Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğının digər mənzillərə keçməsinin qarşısı alınıb. Hadisə zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.