Bakıda 14 yaşlı qızın uşaq dünyaya gətirməsi ilə bağlı məhkəmə prosesi başa çatıb.
Manset.az Xitab24-ə istinadən xəbər verir ki, təqsirləndirilən şəxs qismində hakim qarşısına yeniyetmənin 2007-ci il təvəllüdlü qardaşı Hətəmxan Şahvələdov (ad-soyad şərtidir) çıxarılıb.
Məhkəmədə təqsirləndirilən şəxs ifadəsində hadisəni spirtli içkinin təsiri altında törətdiyini, bunu qəsdən və planlı şəkildə etmədiyini bildirib.
Ən dəhşətlisi isə odur ki, hadisənin üstü uşağın dünyaya gəlməsindən sonra açılıb.
Yeniyetmə qız valideyni ilə körpə üçün geyim almaq məqsədilə “Sədərək Ticarət Mərkəzi”nə gedib. O, burada çətinliklə də olsa, uşağın atasının öz qardaşı olduğunu bildirib.
O da məlum olub ki, yeniyetmə qız hamilə olduğunu dərk etməyib. Belə ki, o, ifadəsində uşağın doğulmasına az müddət qalmış müxtəlif ağrıları olduğunu, bir qədər kök olduğu üçün bədənində yaranan dəyişiklikləri şişkinlik kimi qəbul etdiyini bildirib.
Bu barədə nənəsinə məlumat verəndə isə, nənəsi bunu soyuqdəymə ilə əlaqələndirib.
Lakin yeniyetmə qızın ağrıları artdığı gün gecə saatlarında təcili tibbi yardım çağırılıb. Xəstəxanada müayinə zamanı 14 yaşlı qızın 36 həftəlik hamilə olduğu üzə çıxıb.
Doğulan qız uşağı 2026-cı il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq müəssisəsinə imtinalı uşaq kimi yerləşdirilib. Ailəsi tərəfindən imtina edilən körpə həmin il Hipertermik Sindromu diaqnozu ilə Ə.Qarayev adına Uşaq Xəstəxanasına göndərilib, daha sonra vəfat edib.
Məhkəmədə təqsirləndirilən və zərərçəkənin valideynləri oğullarının əməlini Cinayət Məcəlləsinin 152.2-ci maddəsinə tövsif edilməsini xahiş ediblər. Bundan başqa, təqsirləndirilənin bacısı da qardaşından şikayətçi olmayıb, onun azad edilməsini istəyib.
Təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 149.3.3-cü maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini anlaqlı vəziyyətdə törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı özünün verdiyi etirafedici ifadələri ilə yanaşı, şahidin ifadələri, ekspert rəyləri, digər istintaq hərəkəti protokolları və sənədlər, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilib.
Cinayət Məcəlləsinin 149.3.3-cü (zorlama) maddəsi ilə təqsirləndirilən şəxs 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.