Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan milli komandası 2026-cı il futbol üzrə dünya çempionatına vəsiqə qazanmaq uğrunda növbəti görüşünə çıxacaq. Komandamızın növbəti rəqibi Fransadır. “Qarabağ” klubunun son nəticələri yalnız ölkə daxilində deyil, beynəlxalq aləmdə də Azərbaycan futboluna olan marağı və müsbət rəyləri artırıb. Bənzər uğuru yığma komandamızdan da gözləmək olarmı?
Bununla bağlı Manset.az futbol mütəxəssislərinin, eləcə də ictimai-siyasi sferada tanınmış şəxslərin fikirlərini öyrənib. Müsahiblərimizin yanaşmaları fərqlidir.
Milli Məclisin deputatı Razi Nurullayev:
“Azərbaycan milli komandasından maksimum səy gözləyirik. Arzu edirik ki, onlar futbolumuzun tarixinə ya heç-heçə, ya da qələbə yazsınlar. Bunu bacarsalar, əbədilik Azərbaycan tarixində, yaddaşlarda yaşayacaqlar. Amma, Fransa komandasının dünyanın ən güclüləri arasında olduğunu bilirik. Lakin, böyük istək, arzu və ruhla qələbəyə doğru. Qələbədən başqa nəticə görmək və eşitmək istəmirəm”.
AFFA-da məşqlərin maarifləndirilməsi üzrə təlimatçı, futbol şərhçisi Osman Rəhimov:
“Bu oyundan məşqçinin kim olmasından asılı olmayaraq yaxşı nəticə gözləmək sadəlövhlük olar. Bu oyun üçün özü-özlüyündən 3 top fərqi ilə məğlubiyyət bizim üçün qələbə hesab oluna bilər. Yada salmaq lazımdır ki, bizim Fransa ilə pis xatirələrimiz də var. Bizim Fransa kimi etalon futbol ölkəsi ilə mübarizə aparmaq səviyyəsinə çatmağımız üçün bir çox şeylər dəyişməlidir. Dolayısıyla realist baxımdan böyük hesablı qələbə gözləyirəm. Bu qətiyyən arzum deyil, sadəcə təxmindir. Ümid edək ki, belə olmasın. Burada sözsüz ki, gündəlik forma, fransızların və bizim uşaqların nə qədər istəkli olması, ilk qolun nə vaxt buraxılması həlledici amillərdən biridir. Təəssüf ki, fransızlar həm texniki-taktiki, həm mental, həm də fiziki baxımdan bizim uşaqlardan daha qabaqdadırlar, qat-qat daha güclüdürlər”.
Milli Məclisin deputatı Fazil Mustafa:
“Real danışsaq, nəticə gözləyə bilmərik. Təbii ki, bu məsələ ilə bağlı cəmiyyətə yalan danışa bilmərik. “Qarabağ”ın uğuru Azərbaycan futbolunun inkişafı kimi qiymətləndirilə bilməz. Azərbaycan futbolunun inkişafı U-16, U-15, U-17, U-21-in uğurundan başlamalıdır. Bu uğur yoxdursa, Millidən nə gözləmək olar?. Buna görə də birinci uşaq futbolunun vəziyyəti də önəmlidir. Bu vəziyyət də o qədər ürəkaçan deyil. Fransa çox güclü komandadır, onun qarşısında Azərbaycanın minimal hesabla uduzması mümkündür və normal qəbul oluna bilər. Hər halda azərbaycanlı məşqçinin olması daha yaxşı haldır. Ən azından heç olmasa bayrağımızı, himnimizi anlayaraq futbolçuları meydançaya motivasiya ilə çıxaracaq. Amma ustalıq səviyyəsi də öz sözünü deyir. Bu tip məsələləri dua ilə, arzu ilə çözmək mümkün deyil”.
U-18 Milli komandanın baş məşqçisi, futbol şərhçisi Füzuli Məmmədov:
“Avropanın iki ən yaxşı komandası varsa biri Fransadır. Heyətlərindəki futbolçular dünyanın “top” komandalarında oynayan futbolçulardır və öz klublarının aparıcı oyunçularıdır. Yəni Fransanın gücündən danışmağa ehtiyac yoxdur. Bizim millimiz üçün çox çətin oyun olacaq. Üstəlik, oyun səfərdədir. Amma yenə də böyük hesablı məğlubiyyət olacaq və s. bu kimi fikirlərə inanmıram. Çünki həm Ayxan Abbasovun potensialını, həm də oyunçularımızın əzminə bələdəm. Məşçinin qoyduğu taktika planı düzgün formada, xüsusilə də, ilk 15 dəqiqədə səhvsiz yerinə yetirilərsə, ondan sonrakı hissə fransızlar üçün də çətin olacaq. Əgər bəxtimiz gətirməsə hesab 1-0, 2-0 olacaq, amma bir balaca bəxtimiz gətirsə, 1 xal əldə edə biləcəyik”.
Tanınmış ssenarist, rejissor Valeh Əhmədov:
“Milli komandamıza inanmaq lazımdır. Bunu hər zaman qeyd edirəm. Özümüzə inansaq, hər bir rəqiblə başa-baş gələ bilərik. Bunu artıq bir neçə dəfə sübut etmişik. Təbii ki, hamı Fransa futbol komandasının üstün olduğunu düşünür. Amma biz sürpriz də edə bilərik. İnanıram ki, bizimkilər ən azından “qollu heç-heçə” edəcəklər".
Aparıcı, idman jurnalisti Orxan Sübhan:
“Yığmadan “Qarabağ”ın nəticələri kimi nəticə gözləmək hələ ki tezdir. Arzu edirdik ki, komandanın baş məşqçisi yerli mütəxəssis olsun, oldu. Ancaq birdən-birə möcüzə göstərmək çətin məsələdir. Buna illər lazımdır ki, Azərbaycan futbolu toparlansın və yaxşı nəticələrin şahidi olaq. Hazırki rəqib də çox güclüdür. Dünyanın 3-4 ən güclü komandasından biridir. İnanıram ki, Ayxan Abbasovun rəhbərliyi altında Milli komanda xüsusi əzmkarlıq nümayiş etdirəcək. Ən azından uduzsalar da, döyüşüb uduzacaq”.
Fidan Vəlisoy