Son günlər bəzi media resurslarında Kristalın guya külli miqdarda vergi borcunun olması ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yenidən yayımlanmaqdadır. Bir daha qəti şəkildə bəyan edirik ki, “Kristal Bakı” ASC-nin dövlət büdcəsi qarşısında hər hansı vergi borcu mövcud deyil. Şirkətimiz vergi öhdəliklərini qanunvericiliyin tələblərinə uyğun olaraq vaxtında və tam şəkildə yerinə yetirir.
Bu barədə Manset.az-a şirkətdən məlumat verilib.
Məlumatda qeyd olunub ki, bəzi media nümayəndələri müxtəlif
hüquqi şəxsləri Kristal ilə eyniləşdirərək, həmin şirkətlərə aid olduğu iddia
edilən vergi borclarını əsassız şəkildə şirkətimizin adına çıxarırlar. Xüsusi
olaraq vurğulayırıq ki, şirkətimizə aid olmayan hüquqi şəxslərin vergi
borclarının “Kristal Bakı” ASC-yə aid edilməsi yolverilməzdir.
Qeyd edirik ki, şirkətimizə bununla bağlı
daha əvvəl də media sorğusu ünvanlanmış və həmin sorğuya rəsmi qaydada ətraflı
cavab verilmişdir. Buna baxmayaraq, eyni məzmunlu əsassız məlumatların təkrar
yayımlanması ciddi narahatlıq doğurur.
Bildiririk ki, “Kristal Bakı” ASC-nin vergi
borcunun olub-olmaması barədə məlumatları Azərbaycan Respublikasının
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin müvafiq açıq informasiya
resursları vasitəsilə yoxlamaq mümkündür. Media nümayəndələrini məlumatları dərc
etməzdən əvvəl onların doğruluğunu rəsmi mənbələr əsasında yoxlamağa çağırırıq.
Şirkətimizin işgüzar nüfuzuna xələl gətirən,
ictimaiyyətdə yanlış təsəvvür formalaşdıran və həqiqətə uyğun olmayan məlumatların
yayılmasını qəbuledilməz hesab edirik. Bu cür məlumatların yayılmasına görə məsuliyyət
daşıyan şəxslərə və media qurumlarına münasibətdə şirkətimiz qanunvericiliklə nəzərdə
tutulmuş hüquqi müdafiə vasitələrindən istifadə edəcək, məhkəmə qaydasında
müvafiq tələblər irəli sürəcəkdir.
Kristal öz fəaliyyətində şəffaflıq,
qanunvericiliyə riayət olunması və ictimaiyyətin düzgün məlumatlandırılması
prinsiplərini rəhbər tutur. Şirkətimizin işgüzar nüfuzunun qorunması istiqamətində
bütün qanuni hüquqlarımızdan istifadə etməkdə qətiyyətliyik.