Azərbaycanda gender bərabərliyinin təşviqi, ailə dəyərlərinin qorunması, qadınların cəmiyyətdə rolunun gücləndirilməsi və uşaqların hüquqlarının müdafiəsi istiqamətində həyata keçirilən tədbirlər ictimai inkişafın mühüm istiqamətlərindəndir. Bu məsələlərin mediada düzgün və obyektiv işıqlandırılması cəmiyyətdə məlumatlılığın artırılmasına, sağlam sosial münasibətlərin formalaşmasına və hüquq bərabərliyi prinsiplərinin təşviqinə xidmət edir. Müasir media platformaları ailə, qadın və uşaq məsələləri ilə bağlı maarifləndirmə imkanlarını daha da genişləndirir. Eyni zamanda, jurnalistlərin həssas mövzulara peşəkar və etik yanaşması ictimai məsuliyyətin artırılması baxımından xüsusi əhəmiyyət daşıyır.
Bunu Manset.az-a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu gender bərabərliyi, ailə münasibətləri və demoqrafik məsələlərin mediada işıqlandırılmasının əhəmiyyətindən danışarkən bildirib. O qeyd edib ki, gender bərabərliyi, ailə münasibətləri və demoqrafik proseslər cəmiyyətin sosial inkişafına, ictimai düşüncənin formalaşmasına və gələcək nəsillərin rifahına birbaşa təsir göstərən mühüm məsələlərdir. Bu mövzuların mediada düzgün və məsuliyyətli şəkildə işıqlandırılması yalnız ictimaiyyətin məlumatlandırılması baxımından deyil, həm də sağlam sosial münasibətlərin formalaşdırılması, hüquq və bərabərlik prinsiplərinin təşviqi baxımından xüsusi əhəmiyyət daşıyır.

“Ölkəmizdə son illər gender bərabərliyi, qadınların cəmiyyətdə rolunun gücləndirilməsi, ailə dəyərlərinin qorunması, uşaqların hüquqlarının müdafiəsi və demoqrafik çağırışlarla bağlı məsələlərin mediada işıqlandırılmasına diqqət artıb. Ənənəvi media ilə yanaşı, rəqəmsal platformalar da bu mövzuların daha geniş auditoriyaya çatdırılmasına, ictimai müzakirələrin aparılmasına və maarifləndirmə işinin genişləndirilməsinə imkan yaradır.
Eyni zamanda, Azərbaycan Respublikasında gender bərabərliyi üzrə 2026–2028-ci illər üçün Milli Fəaliyyət Planının təsdiq edilməsi bu istiqamətdə dövlət siyasətinin ardıcıl şəkildə davam etdirildiyini göstərir. Sənəddə gender bərabərliyi mədəniyyətinin təşviqi və ayrı-seçkiliklə mübarizədə medianın rolunun artırılması da nəzərdə tutulur.
Hesab edirəm ki, medianın bu sahədəki fəaliyyəti yalnız baş verən hadisələrin işıqlandırılması ilə məhdudlaşmamalıdır. Media eyni zamanda maarifləndirmə, ictimai düşüncənin formalaşdırılması, mövcud problemlərin səbəblərinin izahı və onların həlli yollarının göstərilməsi baxımından mühüm vasitədir.
Bu baxımdan, gender bərabərliyi və qadın hüquqları ilə bağlı məsələlərin işıqlandırılmasına xüsusi diqqət yetirməlidir. Qadınların təhsil, elm, iqtisadiyyat, idarəetmə və ictimai həyatdakı nailiyyətlərinə geniş yermələri çox vacibdir. Eyni zamanda, ailə münasibətləri, valideyn məsuliyyəti, uşaqların müdafiəsi, ailədaxili münasibətlərdə qarşılıqlı hörmət və demoqrafik dəyişikliklərə peşəkar yanaşma ilə, faktlara və etibarlı məlumatlara əsaslanaraq təqdim olunmalıdır.
Xüsusilə qeyd etmək istərdim ki, demoqrafik məsələlər yalnız doğum göstəriciləri və əhalinin sayındakı dəyişikliklərlə məhdudlaşmır. Əhalinin yaş strukturu, ailələrin sosial rifahı, nəsillərarası münasibətlər, gənclərin ailə qurmaqla bağlı qərarlarına təsir edən sosial-iqtisadi amillər və uşaqların sağlam mühitdə böyüməsi də bu sahənin mühüm istiqamətləridir. Bu məsələlərin mediada səthi deyil, təhlil və ekspert rəyləri əsasında işıqlandırılması daha obyektiv ictimai təsəvvürün formalaşmasına kömək edir.
Dövlət Komitəsi olaraq media nümayəndələri ilə əməkdaşlığın, maarifləndirici tədbirlərin və peşəkar biliklərin artırılmasının əhəmiyyətini nəzərə alaraq, ailə, qadın və uşaq məsələlərinin işıqlandırılmasında hüquqi və etik prinsiplərə əməl olunmasını vacib hesab edirik. Bu istiqamətdə media nümayəndələrinin məlumatlılığının artırılması və genderə həssas jurnalist yanaşmasının təşviqi mühüm əhəmiyyət kəsb edir.
Gender, ailə və demoqrafiya məsələləri insanların şəxsi həyatı, emosional vəziyyəti, ailə münasibətləri və sosial mövqeyi ilə sıx bağlıdır. Buna görə də bu mövzuların işıqlandırılmasında jurnalist peşəkarlığı ilə yanaşı, empatiya, etik məsuliyyət və insan hüquqlarına hörmət əsas prinsiplər olmalıdır.”
T.Mərdanoğlu həssas mövzuların işıqlandırılmasında məlumatların dəqiqliyinin, obyektivliyinin və balanslı təqdimatının vacibliyini vurğulayıb. O, şəxsi həyatın toxunulmazlığının qorunmasının, xüsusilə uşaqlarla bağlı materiallarda onların üstün mənafeyinin əsas götürülməsinin və zorakılıq qurbanlarının günahlandırılmasına yol verilməməsinin əhəmiyyətinə diqqət çəkib.
“İlk növbədə, məlumatın dəqiqliyinə, obyektivliyinə və balanslı təqdimatına diqqət yetirilməlidir. Təsdiqlənməmiş məlumatların, fərziyyələrin və birtərəfli şərhlərin yayılması ayrı-ayrı şəxslərin nüfuzuna xələl gətirə, ailələr arasında münaqişələri dərinləşdirə və cəmiyyətdə yanlış təsəvvürlər yarada bilər. Xüsusilə həssas hadisələr barədə məlumat hazırlayarkən rəsmi mənbələrə və müvafiq sahə üzrə mütəxəssislərin fikirlərinə istinad etmək vacibdir.
İkinci mühüm məsələ şəxsi həyatın toxunulmazlığının qorunmasıdır. Ailədaxili münaqişələr, gender əsaslı zorakılıq, boşanma, uşaqlarla bağlı mübahisələr və digər həssas hadisələr işıqlandırılarkən zərərçəkmiş şəxslərin kimliyinin müəyyənləşdirilməsinə imkan verən məlumatların, şəxsi yazışmaların, görüntülərin və digər məxfi detalların paylaşılmasına xüsusi həssaslıqla yanaşılmalıdır. Məlumatın ictimai əhəmiyyət daşıması insanın şəxsi həyatının bütün təfərrüatlarının açıqlanmasını əsaslandırmır.
Xüsusilə uşaqlarla bağlı materiallarda onların üstün mənafeyi əsas götürülməlidir. Uşağın adı, fotosu, yaşadığı ünvan, təhsil aldığı müəssisə və digər tanıdıcı məlumatlar onun təhlükəsizliyinə və gələcək həyatına mənfi təsir göstərə bilər. Uşağın başına gəlmiş hadisənin sensasion formada təqdim edilməsi, onun təkrar-təkrar müsahibəyə cəlb olunması və ya travmatik təcrübəsini yenidən yaşamağa məcbur edilməsi yolverilməz yanaşmadır. Uşağın hüquqlarının və psixoloji təhlükəsizliyinin qorunması hər zaman informasiya marağından üstün tutulmalıdır.
Digər mühüm məqam zorakılıq hallarının işıqlandırılması zamanı zərərçəkmiş şəxsin günahlandırılmasına yol verilməməsidir. Məsələn, qadına qarşı zorakılıq hadisəsi təqdim edilərkən onun geyimi, davranışı, ailə qurmaq qərarı və ya şəxsi həyatı hadisənin səbəbi kimi göstərilməməlidir. Bu cür yanaşma cəmiyyətdə yanlış stereotipləri gücləndirir, zərərçəkmiş şəxslərin özlərini günahkar hiss etməsinə və yardım üçün müraciət etməkdən çəkinməsinə səbəb ola bilər. Diqqət zorakılığın mahiyyətinə, onun qarşısının alınması yollarına, hüquqi məsuliyyətə və mövcud dəstək imkanlarına yönəldilməlidir.
Gender məsələlərinin işıqlandırılmasında qadın və kişilərin cəmiyyətdəki roluna dair stereotiplərdən də uzaq durmaq lazımdır. Qadınların yalnız ailə və məişət, kişilərin isə yalnız maddi təminat və qərarvermə ilə əlaqələndirilməsi reallığı tam əks etdirmir. Ailə münasibətlərində qarşılıqlı hörmət, birgə məsuliyyət, valideynlərin uşaqların tərbiyəsində bərabər iştirakı və hər bir fərdin imkanlarına hörmət təşviq olunmalıdır. Eyni zamanda, ailə dəyərlərinin təbliği fərdin hüquq və azadlıqlarının məhdudlaşdırılması və ya zorakılığın hər hansı formada əsaslandırılması kimi təqdim edilməməlidir”.
Dövlət Komitəsinin mətbuat katibi demoqrafik göstəricilərin təhlilində sosial-iqtisadi və mədəni amillərin nəzərə alınmasının vacibliyini qeyd edib. Onun sözlərinə görə, media materialları hazırlanarkən emosional və qorxuducu təqdimatdan çəkinmək, insan ləyaqətini qorumaq və ictimaiyyətə düzgün mesaj vermək əsas meyarlar olmalıdır.
“Demoqrafik məsələlərdə isə emosional və qorxuducu başlıqlardan, rəqəmlərin kontekstdən çıxarılmasından və cəmiyyətin müəyyən qruplarına qarşı ittihamedici yanaşmadan çəkinmək vacibdir. Doğum səviyyəsi, boşanmalar, nikah yaşı və ailə qurmaqla bağlı meyillər barədə məlumatlar təqdim edilərkən həmin göstəricilərə təsir edən sosial-iqtisadi, mədəni və digər amillər nəzərə alınmalıdır. Ayrı-ayrı şəxslərin ailə qurmaq, övlad sahibi olmaq və ya həyat tərzi ilə bağlı qərarları üzərindən ictimai təzyiq yaratmaq düzgün deyil. Bu məsələlər insan ləyaqətinə hörmətlə və elmi əsaslandırılmış təhlillərlə işıqlandırılmalıdır.
Bundan əlavə, faciəvi hadisələrin görüntülərinin təkrar-təkrar nümayiş etdirilməsi, emosional detallara həddindən artıq yer verilməsi, qurbanın yaşadığı travmanın tamaşaçı marağı naminə ön plana çəkilməsi həm zərərçəkmiş şəxslərə, həm də auditoriyaya mənfi psixoloji təsir göstərə bilər. Buna görə də jurnalistlər informasiyanın ictimai əhəmiyyətini nəzərə almalı, onun təqdimat formasının mümkün nəticələrini əvvəlcədən qiymətləndirməlidirlər.
Müasir dövrdə sosial şəbəkələrin və rəqəmsal platformaların geniş təsiri bu məsuliyyəti daha da artırır. Bəzən xəbərlərin sürətlə yayılması naminə dəqiqləşdirilməmiş məlumatlar, şəxsi görüntülər və alçaldıcı şərhlər paylaşılır. Belə hallarda yaranan psixoloji və sosial zərərin aradan qaldırılması çətin olur. Media nümayəndələri ilə yanaşı, bloqerlər və sosial şəbəkə istifadəçiləri də şəxsi həyatın toxunulmazlığına, insan ləyaqətinə və etik davranış prinsiplərinə hörmətlə yanaşmalıdırlar.
Hesab edirəm ki, həssas mövzuların işıqlandırılmasında əsas meyar yalnız məlumatın nə qədər diqqət çəkməsi deyil, onun cəmiyyətə hansı mesajı verməsi və insanlara necə təsir göstərməsidir. Jurnalist hadisəni təqdim etməklə yanaşı, ictimaiyyətin həmin hadisəni necə anlamasına da təsir göstərir. Buna görə də hər bir material hazırlanarkən “Bu məlumatın yayılması kiməsə zərər verə bilərmi?”, “İnsanın ləyaqəti və şəxsi həyatı qorunurmu?” və “Bu təqdimat problemin həllinə, yoxsa stereotiplərin dərinləşməsinə xidmət edir?” sualları nəzərə alınmalıdır.
Nəticə etibarilə, gender, ailə və demoqrafiya məsələlərinin mediada məsuliyyətli şəkildə işıqlandırılması həm ictimai maarifləndirmənin gücləndirilməsi, həm də insan hüquqlarının və psixoloji rifahın qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Dövlət Komitəsi olaraq hesab edirik ki, media ilə dövlət qurumları, ekspertlər və vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın genişləndirilməsi bu sahədə daha sağlam informasiya mühitinin formalaşmasına töhfə verə bilər. Məqsədimiz problemləri gizlətmək deyil, onları insan ləyaqətinə hörmətlə, faktlara əsaslanaraq və həll yollarını önə çəkərək işıqlandırmaqdır”, - deyə Teymur Mərdanoğlu fikirlərini yekanlaşdırıb.
Fidan Vəlisoy
6.3.18. gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması;
Yazı Azərbaycan Respublikası Media və Yayım Şurasının maliyyə dəstəyi ilə hazırlanıb