“Napoli”nin baş məşqçisi Antonio Konte “Qarabağ”la sabah keçiriləcək UEFA Çempionlar Liqasının 5-ci turunun oyunu ilə bağlı mətbuat konfransı keçirib.
Manset.az Qol.az-a istinadən xəbər verir ki, o, komandasındakı zədəlilərin durumundan narahat olduğunu bildirib və tibb heyətini vəziyyətlə bağlı daha açıq danışmağa çağırıb.
Neapollular 4 turdan sonra cəmi 4 xal toplayıb və evdə keçiriləcək bu matç onlar üçün xüsusi önəm daşıyır. Üstəlik, sabah əfsanəvi Dieqo Maradonanın vəfatının beşinci ildönümüdür və Konte qələbəni dünya futbolunun ikonası olan argentinalıya həsr etmək istədiyini deyib.
“Əlbəttə, Maradonanın anım günüdür. Onun Neapol üçün nə demək olduğunu hamı bilir. Qalib gəlsək, bunu ona həsr etmək gözəl olar,” – deyə Konte bildirib.
Rəqib haqda danışan Konte “Qarabağ”ın Çempionlar Liqasının sürpriz komandası olduğunu vurğulayıb:
“Şənbə günü oynadığımız matç (A seriyasında) yaxşı idi. "Atalanta" kimi fiziki komandaya qarşı oynamaq asan deyildi, amma yaxşı cavab verdik, çox enerji sərf olundu. İndi bərpa olmalıyıq. "Qarabağ"la matça fokuslanırıq, bu, əsla yüngül qəbul ediləcək oyun deyil. "Qarabağ" məncə, bu Çempionlar Liqasının bir növ sürpriz komandasıdır. Onlar yüksək temp gətirəcəklər və biz böyük diqqətlə oynamalıyıq ortaya. "Benfika"nı səfərdə məğlub ediblər, "Çelsi" ilə heç-heçə ediblər, hansı ki, hesabda irəlidə idilər. Keyfiyyətli futbolçuları var”.
“Napoli”də Romelu Lukaku avqustdan, Kevin De Brüyne, Frank Angissa, Aleks Meret, Leonardo Spinatsola və Billi Gilmor isə son həftələrdə sıradan çıxıb. “Atalanta” ilə oyunda Amir Rrahmani və Rasmus Höjlund da əvəzlənmişdi, lakin Konte onların (Lukaku istisna olmaqla) “Qarabağ” matçına hazır olacağını deyib.
“Təəssüf ki, məşqçi kimi bəzi şeyləri idarə edə bilirsən, bəzi şeyləri isə yox. Mövsümün əvvəlindən zərurətdən çıxış edərək vəziyyəti yola verməyə çalışırıq,” – deyə o bildirib.
Konte zədələrlə bağlı tibb heyətinin daha çox məlumat verməsinin vacibliyini də dilə gətirib:
“İstərdim ki, tibbi personal vəziyyəti daha çox izah etsin, çünki bu, onların sahəsidir. Bu, əzələ zədəsi deyil və bərpa müddətini mən dəqiq deyə bilmirəm”.
Zədə sıxıntıları səbəbindən Konte son turda 3 müdafiəçi ilə oynamağa məcbur qalıb: “Bu dəyişiklik məcburiyyətdən irəli gəldi. Oyunçuları ən doğru mövqelərdə yerləşdirmək üçün belə qərar verdik. Müdafiədə bir sistemlə, hücumda başqa sistemlə oynaya bilərik.”
Mediada Lukakunun “Roma” ilə növbəti A Seriya oyununda meydana çıxa biləcəyi iddia olunsa da, Konte bunu təsdiqləməyib: “O, hələ tam hazır deyil, hələ çox çalışmalıdır. Lukaku beynəlxalq səviyyədə tanınmış, komanda üçün çox önəmli bir oyunçudur. Hazır olanda həm meydanda, həm də paltardəyişmə otağında çox şey verəcək. Uzun müddət Belçikada müalicə almalı oldu”.
Sonda Konte komandanı motivasiya edərək belə deyib: “Bu vəziyyətdə hamımız dəbilqələrimizi taxmalıyıq”.