Bu gün UEFA Çempionlar Liqası və UEFA Konfrans Liqasının pley-off mərhələlərinin püşkatma mərasimləri keçiriləcək.
Manset.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində baş tutacaq püşkatmada Azərbaycanı avrokuboklarda təmsil edən "Sabah" və "Qarabağ" mümkün rəqiblərini tanıyacaqlar.
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin püşkü Bakı vaxtı ilə saat 14:00-da başlayacaq. Ölkə çempionu "Sabah" ilk təsnifat mərhələsində Uelsin TNS klubunu (2:0, 2:1), ikinci mərhələdə isə Finlandiyanın "KuPS" komandasını (1:0, 2:0) mübarizədən kənarlaşdırıb. Valdas Dambrauskasın rəhbərlik etdiyi kollektiv hazırda III təsnifat mərhələsində Danimarkanın "Orhus" klubu ilə qarşılaşmağa hazırlaşır.
UEFA Konfrans Liqasının pley-off mərhələsinin püşkatma mərasimi isə Bakı vaxtı ilə saat 16:00-da keçiriləcək. "Qarabağ" avrokuboklara UEFA Avropa Liqasında başlayaraq ilk mərhələdə İslandiyanın "Vestri" klubunu hər iki oyunda 3:0 hesabı ilə məğlub edib. Ağdam təmsilçisi II təsnifat mərhələsində Bolqarıstanın "ÇSKA Sofiya" komandası ilə hər iki görüşdə və əlavə vaxtda qolsuz bərabərə qaldıqdan sonra penaltilər seriyasında məğlub olaraq Konfrans Liqasına düşüb. Qurban Qurbanovun komandası hazırda III təsnifat mərhələsində Ukraynanın "Dinamo Kiyev" klubu ilə üz-üzə gələcək.
Qeyd edək ki, Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları avqustun 18-19-da, cavab görüşləri isə 25-26-da keçiriləcək.
UEFA Konfrans Liqasının pley-off mərhələsində isə ilk matçlar avqustun 20-də, cavab qarşılaşmaları 27-də baş tutacaq.